Test üsulunun əzbərçiliyə və savadsızlığa yol açdığı ilə bağlı fikirlər yenidən aktuallaşıb. Bu dəfə test üsulunun ləğvi məsələsini millət vəkili Fazil Mustafa gündəmə gətirib. Deputat hesab edir ki, test üsulu savadlı insan yetişdirə bilməz və bu üsulun tətbiqindən sonra şagirdlərin fundamental biliklərə yiyələnməsi arxa plana keçib:
“Ən yüksək balla daxil olmuş insanların əksəriyyəti normal esse yaza bilmir, mütailə vərdişinə sahib deyil və nəticədə də tam yetkin mütəxəssis kimi yetişməkdə çətinlik çəkir”, - deyə deputat qeyd edib.
Maraqlıdır, Azərbaycan test üsulundan imtina etməlidir, yoxsa bu üsulu təkminləşdirilməlidir?
Məsələni sabiq Təhsil naziri, test üsulunu ilk dəfə Azərbaycanda tətbiq edən Firudin Cəlilovla müzakirə etdik. Firudin Cəlilov Bizim.Media-ya açıqlamasında Fazil Mustafanın bu fikirləri ilə razılaşıb:
MÖVZU İLƏ BAĞLI:
“Test imtahanları savadlı insan yetişdirə bilməz” – Fazil Mustafa
“Mən bu testi 30 il əvvəl gətirmişəm. Düşünürdüm ki, insanlar alışacaq və ən vacibi rüşvət faktoru yığışacaq. O dövr üçün test üsulu ədaləti bərpa etmək üçün gərəkli idi və ona nail olduq. Ümumiyyətlə imtahanı ləğv etmək lazımdır. Oxuyanlar buyursun, oxuya bilməyənlər yavaş-yavaş xaric olunacaq. Fazil Mustafa fikirlərində haqlıdır. Testin ziyanlı tərəfləri var. Şagirdlər şifahi nitq qabiliyyətini itirir, ümumi fənnlərdən geri qalırlar. Yalnız onlara lazım olan fənnlər üzrə repititor yanına gedib, bir iki fənni öyrənməyə məcbur olurlar”.
Firudin Cəlilovun sözlərinə görə test ləğv olunsa, yenidən rüşvət başlayacaq:
“Bu üsul tamamilə ləğv oluna bilər, amma o dəqiqə rüşvət başlayacaq. İnsanları hazırlayıb, bu işi görmək lazımdır. O vaxt test gətiriləndə nəzərdə tutulmuşdu ki, bir neçə il ərzində təkmilləşsin və ikipilləli olsun. Suallar sistemi dəyişsin, tapmaca deyil, düşündürücü suallar qoyulsun. Çox məsələlər var. Hansı ki, bunların heç birini eləmədilər. Elə indi də gec deyil və testin təkmilləşməsinə ehtiyac var”, - deyə sabiq nazir vurğulayıb.
Alçina Amilqızı, Bizim.Media