Külək Şimal-Qərb bölgəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaradıb. Ötən günün ikinci yarsından başlayaraq güclü küləklə müşahidə olunan qeyri-sabit hava şəraiti hazırda da davam edir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Novruzun Yel çərşənbəsi əsl üzünü ötən gündən Şimal-Qərb bölgəsində göstərməyə başlayıb.
Şəki regional hava məlumat mərkəzindən verilən məlumata əsasən Şəki və Oğuz rayonlarında küləyin sürəti saniyədə 25-30 metrə çatıb.
Ötən axşam Oğuz və Şəkidə küləyin yaratdığı fəsadlar nəticəsində elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Belə ki, bölgənin bir neçə yaşayış məntəqəsində külək ağacları aşırıb, onların budaqlarını qoparıb yaxınlıqdan keçən elektrik naqillərinin üzərinə aşırıb.
Qəbələ regional elektrik təchizatı idarəsindən verilən məlumata görə, bölgədə küləklə müşayət olunan hava şəraiti elektrik naqillərinin qırılması ilə nəticələnib. Axşamdan başlayaraq rayonlar üzrə xətlərin bərpası həyata keçirilir və hazırda da proses davam edir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu