Xətai rayonundakı "Bravo" marketdə baş verən silahlı hücum ölkənin ictimai məkanlarında təhlükəsizlik tədbirlərinin hansı səviyyədə olması məsələsini aktuallaşdırıb. İctimai asayişin mühafizəsinin etibarlı şəkildə təmin olunması, cinayətkarlıqla uğurlu mübarizə üçün təhlükəsizlik tədbirlərinin effektiv qurulması vacib məsələdir.
Son hadisədən sonra kütləvilik baxımından daha geniş auditoriyaya malik olan Bakı metrosunda təhlükəsizlik qaydalarına nəzarətin gücləndirilməsi, hətta stansiyalara qadın sərnişinlərin yoxlanması üçün qadın polislərin cəlb olunması təklif olunur.
Xüsusilə niqablı və hicablı xanımların yoxlanması üçün qadın polislərin iştirak etməsi daha məqsədəuyğun hesab olunur.
Əlbəttə ki, Bakı metrosunda təhlkəsizlik qaydaları gücləndirilmiş rejimdə həyata keçirilir, metroya daxil olan vətəndaşların əl yükləri xüsusi cihazlarda yoxlanılır. Vətəndaşların özləri isə tək-tək xüsusi cihazlardan keçirilmir. Bu baxımdan niqabın və ya çadranın altında hansı təhlükənin olduğu bəlli deyil. İstənilən halda qadın libasında metroya daxil olan sərnişinlərin qadın polis tərəfindən yoxlanması yaxşı olardı.
MÖVZU İLƏ BAĞLI:
Məişət ZORAKILIĞI - Qadın polislərin və sosial işçilərin sayı artırılmalıdır - TƏKLİF
Maraqlıdır, önləyici tədbir almaq üçün Daxili İşlər Nazirliyi metrostansiyalara qadın polislər cəlb etməyi düşünürmü?
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyevin Bizim.Media-ya verdiyi açıqlamadan bəlli olur ki, metrostansiyalarda qadın polisə ehtiyac yoxdur. Çünki təhlükəsizlik tədbirləri yüksək səviyyədədir:
“Bakı Metropolitenində Polis İdarəsinin əməkdaşları tərəfindən metrostansiyalarda təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunub. Metroya daxil olan vətəndaşlar həmçinin onların əl yükləri xüsusi cihazlarla yoxlanılır. Metropolitenə keçirilməsi qadağan olunan əşyalar aşkar olunduqda həmin əşyalarla sərnişinlər stansiyalara buraxılmır. Həmçinin polis əməkdaşlarının əllərində də cihazlar var. Vətəndaşlar cihazlar vasitəsilə də yoxlanılır”, - deyə DİN rəsmisi əlavə edib.
Alçina Amilqızı, Bizim.Media