Xarici jurnalistlər Füzuliyə və Merdinli kənd məscidinə BAŞ ÇƏKDİLƏR 

Hazırda oxunan: Xarici jurnalistlər Füzuliyə və Merdinli kənd məscidinə BAŞ ÇƏKDİLƏR 

123812

Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupunun Zirvə toplantısını işıqlandırmaq üçün Azərbaycana gələn bir qrup xarici jurnalist Füzuli rayonuna səfər çərçivəsində Merdinli kəndində yerləşən məsciddə olub.

Bizim.Media report-a istinadən xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov Ermənistanın işğalı nəticəsində Qarabağda mövcud olan onlarla məsciddən yalnız bir neçəsinin salamat qaldığını xarici KİV nümayəndələrinin diqqətinə çatdırıb.

O həmçinin məscidlərin təhqir edildiyini, burada mal-qara və donuz saxlanıldığını bildirib:

"Biz bu məscidi bərpa etmirik, çünki istəyirik ki, qonaqlar ermənilərin oranı hansı vəziyyətə saldıqlarını öz gözləri ilə görsünlər. Gördüyünüz kimi, burada əkinçilik və heyvandarlıq üçün geniş torpaq sahələri var, lakin ermənilər bu məqsədlə məhz məscidlərdən istifadə ediblər".
Daha sonra jurnalistlər Köndələnçay üzərində yerləşən su anbarına baş çəkiblər.

A.İmanov deyib ki, Qarabağdakı su anbarlarından faydalı məqsədlər - əkinçilik, suvarma və s. üçün istifadə etmək mümkün olduğu halda, ermənilər Azərbaycan ərazilərini işğal altında saxladıqları 30 il ərzində onların dağıdılması ilə məşğul olublar.

Onun sözlərinə görə, bununla əlaqədar olaraq bu rayonun əsas problemlərindən biri də çayların istiqamətinin dəyişdirilməsi olub:

"Bu rayonun quraq olmasının səbəbi də məhz bununla bağlıdır. Ərazidə mövcud olan yaşıllıqlar və ağaclar tamamilə məhv edilib".
Xarici KİV nümayəndələri həmçinin Füzuli şəhərinin mərkəzində olub, onlara şəhərin işğaldan əvvəlki vəziyyəti haqqında məlumat verib, bunu əks etdirən fotoşəkillər təqdim olunub.

Xatırladaq ki, ötən gün jurnalistlər Ağdam rayonunda olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin