Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, istər mədəniyyət dəyişikliyi, istərsə də yol hərəkəti ilə baş verən dəyişikliklərə nəzər salsaq təxminən 10 il əvvəllə müqayisədə Azərbaycanda kifayət qədər inkişafın olduğunu görə bilərik.
Bununla yanaşı, o qeyd edib ki, yol qəzaları nəticəsində ölkəmizdə ölənlərin sayı dünya üzrə orta göstəricidən xeyli yüksəkdir.
"Hələ də Azərbaycanda yol hərəkəti hadisələri nəticəsində ötən il həyatını itirmiş şəxslərin sayı 834 nəfərdir. Bu istər MDB, istərsə də dünya üzrə orta göstəricidən kifayət qədər yüksəkdir”.
Bizim.Media-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun fikrincə, yol qəzalarında ölənlərin sayının Azərbaycanda yüksək olması insan amili, sürücü peşəkarlığının aşağı olması, infrastrukturun zəifliyi kimi amillərdən qaynaqlanır:
MÖVZU İLƏ BAĞLI:
Yollarda təhlükəsizlik necə gücləndiriləcək?
“Bir sıra amillər ölkəmizdə yol nəqliyyat hadisəsi nəticəsində həyatını itirənlərin say baxımdan dünya üzrə orta göstəricidən yüksək olmasına rəvac verib. Bu amillər 2018-ci ilin dekabrında əks olunan 5 illik “Yol hərəkətinə dair Dövlət Proqramında” da təsbit olunub. Orada səbəblər və onu aradan qaldırmağın yolları da göstərilib. Ölkəmizdə yol nəqliyyat hadisəsi fonunda həyatını itirənlərin sayının dünya üzrə yüksək olması ilk növbədə insanların özlərilə bağlı səbəblərdən qaynaqlanır. Peşəkar sürücü hazırlığı məsələsində ciddi problemlərimiz var. Təhlükəsizlik tələblərinə cavab verən, taktiki hazırlığı olan sürücü kontingentində boşluqlar mövcuddur. Bu ən birinci səbəbdir”.
Ekspert deyir ki, ikincisi ölkənin avtomobil parkı kifayət qədər köhnədir:
“Avtomobil parkının 90 faizinin çoxunun istismar müddəti 10 ildən artıqdır. Ona görə də texniki problemlərdən qəzanın yaranması ehtimalı da yüksəkdir. Digər tərəfdən, piyada, sərnişin, sürücü kimi yollarda məsuliyyətli və intizamlı davranışı həyat tərzinə çevirə bilməmişik. Bu sahədə də boşluqlar var”.
Ə.Hüseynov dövlət strukturlarının yanlış mövqeyinin də vəziyyətə təsir etdiyini bildirir:
“Dövlət strukturları hər zaman yanlış olaraq problemin kökünü yol hərəkətinin iştirakçılarında axtarır. Amma yol infrastrukturunda ciddi problemlərin olduğunu unudurlar. Bu üçüncü vacib səbəbdir. Yüksək sürətə təhrik edən, qəza elementini atrıran elementlər var”.
Ekspertə görə, gecə işıqlandırılmasının zəif olması da ölümlə nəticələnən qəzaların çox olmasına gətirib çıxrır:
“Dördüncüsü, gecə işıqlandırılması da yox səviyyəsindədir. Baş verən yol nəqliyyat hadisələrinin 60 faizindən çoxu sutqanın qaranlıq, yəni məhdud görünmə vaxtı baş verir. Bu da gecə işıqlandırılmanın aşağı səviyyədə olmasından qaynaqlanır”.
Ə. Hüseynov düşünür ki, təcili tibbi yardım maşınlarının qəza yerinə gec gəlməsi də qəza nəticəsində ölənlərin sayının artmasına rəvac verir:
“Yüksək inkişaf etmiş ölkələrdə yol nəqliyyat hadisəsi baş verəndə uzağı 8 dəqiqəyə tibbi yardım briqadası hadisə yerinə gəlir. Təcrübə gösətrir ki, ölüm hallarının çoxu daxili qan axmadan məhz 8 dəqiqə ərzində baş verir. Təcili yardım məsələsi də ölüm saylarını artıran beşinci səbəbdir”.
Rüfət Sultan, Bizim.Media