82 yaşını qeyd edən Yaqub Məmmədovla ÖZƏL MÜSAHİBƏ – “Şükürlər olsun ki, indi Şuşa bizdədir...”

Hazırda oxunan: 82 yaşını qeyd edən Yaqub Məmmədovla ÖZƏL MÜSAHİBƏ – “Şükürlər olsun ki, indi Şuşa bizdədir...”

123592

Bu gün Azərbaycan Ali Sovetinin sabiq sədri, bir müddət Prezident səlahiyyətlərini icra etmiş Yaqub Məmmədovun 82-ci doğum günüdür.

Elmi və siyasi fəaliyyəti bir ömürə sığdırmağı bacaran professor ad günündə Bizim.Media-nın suallarını cavablandırıb.

Yaqub Məmmədovla müsahibəni təqdim edirik:

- Yaqub müəllim, ilk növbədə doğum günüzü təbrik edir, sizə uzun ömür, can sağlığı arzu edirəm.

- Təşəkkür edirəm təbrikiniz üçün.

- Yaqub müəllim, necəsiniz, səhhətiniz qaydasındadırmı?

- Səhhətim normaldır, özümü yaxı hiss edirəm.

- Zamanınızı necə keçirisiniz?

- Elmi fəaliyyətlə məşğul olmağa davam edirəm.

- 82 illik ömrünüzdə bir çox siyasi hadisələrə şahidlik edib, bəzilərində birbaşa iştirak etmisiniz. Ali Sovetin sədri olub, Prezident səlahiyyətlərini icra etmisiniz. Siyasi karyeranızı necə qiymətləndirirsiz?

- Bu yaşda siyasətlə məşğul olmuram, amma vaxtında məşğul olmuşam. Qeyd etdiyiniz instansiyalarda çalışmışam. İmkanım daxilində, bacardığım qədər, mənə tapşırılan vəzifələri ləyaqətlə yerinə yetirmişəm. Bir çox işlər görmüşəm, onların hamsı barədə danışsaq, gərək bir həftə söhbət edək...

- Təbii ki. Bəs, fəaliyyətinizdə heç zaman unutmayacağınız bir hadisəni fərqiləndirsəniz?

- Mənim bütün həyatım keşməkeşli olub. Hələ tələbəlik dönəmindən başlayaraq, bu günə qədər ictimai-siyasi proseslərin qaynar nöqtəsində, içərisində olmuşam. Elmi-pedoqoji fəaliyyətlə bərabər, ictimai-siyasi işlərdə iştirak etmişəm. Bu gün də yaş öz sözünü deyir. Lakin elmi fəaliyyətimə davam edirəm. Bir çox tələbələrim var, onlara rəhbərlik etməyə davam edirəm. 

- İnsanların sizi alim, yoxsa siyasətçi kimi xatırlamağını istərdiniz?

- İlk növbədə bir şəxsiyyət, insan kimi. Həm siyasətçi, həm müəllim hamısı bir yerdə. Ən vacibi isə insan kimi xatırlanmaqdır ki, mən necə bir insan, müəllim olmuşam.

- 1992-ci ildə 2 ay 8 gün Prezident səlahiyyətlərini icra etmisiniz. Həmin dönəm daha çox, Şuşa və Laçının işğalı hadisələri ilə xatırlanır. Həmin hadisələri necə qiymətləndirirsiz?

- Həmin məsələlər barədə mətbuatda kifayət qədər məlumatlar verilib. Mən də, ölkə rəhbərliyi də sualları cavablandırmışıq. Hesab edirəm ki, indi o haqda danışmağa ehtiyac yoxdur. Şükürlər olsun ki, indi Şuşa, Laçın, digər işğal olunan rayonlarımız da azad olub. Buna hamımız sevinirik. Çox sağ olsun, ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində bu qələbələri qazanmışıq. Bunlarla mən də fəxr edirəm. İndi biz qalib xalq, qalib ölkəyik.

- Yaqub müəllim, gələcək üçün arzularınız varmı?

- Arzu edirəm ki, xalqımız sülh və əmin-amanlıq, xoşbəxt illər yaşasın. Müharibə, qarşıdurma olmasın, əmin-amanlıq olsun, xalqımızın yaşayışı günü-gündən yaxşılaşsın. Elmimiz-təhsilimiz inkişaf edib, dünya səviyyəsinə çatsın. Arzular böyükdür...

Qeyd edək ki, Yaqub Məmmədov 6 mart 1992-ci ildən,  14 may 1992-ci ilə kimi Ali Sovetin sədri və Prezident səlahiyyətlərini icra edib. Y.Məmmədov tibb elmləri doktoru, professordur, 370-dən artıq elmi əsərin müəllifidir. Müəlliflik şəhadətnamələrinin və patentlərinin sayı isə 38-ə bərabərdir.

Murad Əhmədov, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin