Aeroportda SÜRPRİZ - Vətəndaşa “STOP”la bağlı niyə XƏBƏRDARLIQ edilmir?

Hazırda oxunan: Aeroportda SÜRPRİZ - Vətəndaşa “STOP”la bağlı niyə XƏBƏRDARLIQ edilmir?

123448

Hər hansı bir iş üçün ölkəni tərk etmək istəyəndə sərhəd buraxılış məntəqəsində sizə səyahət qadağası qoyula bilər. Amma buna qədər hansısa dövlət qurumundan qadağa ilə bağlı xəbərdarlıq və ya hər hansı məlumat almamısınız. Ölkədən çıxışına “stop” (vergi borcu cəriməsi və ya hər hansı mükəlləfiyyətlə bağlı) qoyulan vətəndaş son anda, uçuş zamanı məlumat alır ki, onun ölkədən çıxış hüququ məhdudlaşdırılıb. Bu isə vaxtında məlumatladırılmayan vətəndaşın hüququnun pozulması deməkdir. 

Son vaxtlar belə halların sayı artıb. Sosial şəbəkələrdə etiraz edən  vətəndaşlar səyahət qadağası barədə əvvəlcədən xəbərdarlıq almamalarından gileylənib.

Bizim.Media-ya mövzu barədə danışan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev özü də belə halla rastlaşdığını bildirib:

“Mənim də başıma belə bir hal gəlib. Hava limanında olanda bildim ki, ölkədən çıxışıma “stop” qoyulub. Nə vergi borcum, nə də digər öhdəliklərim vardı. Baş Prokurorluq hansısa bir cinayət işini aparırdı. Cinayət işinin tərkibində şahidlərə, dindirilən şəxslərin hamısına ölkədən çıxışa qadağa qoyulmuşdu. Azərbaycanda bu hal çox təkrarlanıb. Təkcə bu məsələ ilə bağlı Avropa Məhkəməsində 70- ə yaxın iş qaldırılıb. Problem ondadır ki, “stop”vətəndaşa məhkəmə qərarı ilə qoyulmur. Heç bir məhkəmə və istintaq qərarı olmadan vətəndaşa səyahət qadağası qoyulur”.

Hüquqşünas qeyd edib ki, kimlərin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı qanunda müddəa var:

“Amma aidiyyəti qurumlar buna əhəmiyyət vermir. Neçə müddətdir ki, bu məsələnin məhkəmə qərarı ilə tənzimlənməsini təklif edirik. O adama imkan verilsin ki, əvvəlcədən mübahisələndirsin. Çox təssüf ki, bu hal davam edir. Ötən il səhv etmirəmsə Ombudsman parlamentə belə bir qanunverici təşəbbüslə müraciət etmişdi. Təklif olunmuşdu ki, şəxsin xəbəri olmadan onun ölkədən çıxışının məhdudlaşdırılması qadağan olunsun. Bu məsələyə də baxılmayıb. Amma sözügedən məsələ ciddi qanun pozuntusudur. İstənilən halda vətəndaşa “stop” qoyulması yalnız məhkəmə qərarı ilə olmalıdır və xəbərdar edilməlidir”.

Məlumat üçün bildirık ki, vətəndaşın ölkədən getmək hüququ aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:

Saxlanıldıqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə, məhkum edildikdə, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə, hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda, vergi tələbləri və maliyyə sanksiyalarının ödənilməsi ilə bağlı məhkəmə qərarı olduqda, beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı...

Həmçinin Miqrasiya Məcəlləsində qeyd olunur ki, dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olduqları məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.
Daxili İşlər Nazirliyi də 2017-ci ildə eyniadlı elektron xidmət istifadəyə verib və bu xidmət də ancaq mülki-hüquqi borcu olanları əhatə edir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin