“Hədəfimiz ildə İzmirə 4 milyon turist qəbul etməkdir. 2020-ci ildə bu rəqəmin 2 milyona çatdırılması nəzərdə tutulsa da, pandemiya hədəfimizi bir qədər ləngitdi və turist sayında 80 faiz azalma baş verdi.
Bilirsiz ki, Türkiyə ötən il 16 milyon turist qəbul edib. Növbəti hədəfimiz ölkə üzrə 30 milyondan çox turist qəbul etməkdir”.
Bu sözləri İzmirdə səfərdə olan jurnalistlərə açıqlamasında İzmir Mədəniyyət və Turizm Müdiri Murat Karaçanta deyib.
MÖVZU İLƏ BAĞLI:
Qərb və şərq mədəniyyətinin ecazkar sintezi - FOTOLAR
Onun sözlərinə görə turistlərin İzmirə cəlb edilməsi üçün müxtəlif layihələr həyata keçirilir:
“Layihələrdə dünyanın hər yerindən insanları bu gözəl şəhərə çağırmaq üçün münasib xidmət paketləri təklif olunur. Xidmət paketi dünya ölkələri ilə müqayisədə çox sərfəlidir. Hazırda 100 min turisti qəbul edə biləcək layihə üzərində işləyirik. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi sözügedən layihələrə nəzarət edir və iş prosesinin hansı səviyyədə getdiyini izləyir”.
Əslən Qərbi Azərbaycandan olduğunu vurğulayan Murat Karaçanta vətəni sevdiyini deyib:
“Qərbi Azərbaycanda doğulmuşıam. Bir müddət Azərbaycanda yaşamışam və çalışmışam. İndi də Bakıda və Sumqayıtda qohumlarım, doğmalarım yaşayır.
Deyə bilərəm ki, Bakı ilə İzmirin təbiəti oxşardır. Hər iki şəhər turistlərə maraqlı anlar yaşadacaq əraziyə malikdir. Bütün azərbaycanlıları Türkiyəyə, xüsusən İzmirə dəvət edirəm”, - deyə Murat Karaçanta əlavə edib.
Xatırladaq ki, Mədəniyyət və Turzim Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalist Türkiyədə səfərdədir. Jurnalistlər İstanbul, Ankara və İzmir şəhərlərində olublar.
Alçina Amilqızı, Bizim.Media, İzmir