Gənclərimiz Türkiyədəki çörəkbişirmə məntəqəsində könüllü ÇALIŞIR 

Hazırda oxunan: Gənclərimiz Türkiyədəki çörəkbişirmə məntəqəsində könüllü ÇALIŞIR 

123342

Azərbaycan könüllüləri Türkiyənin zəlzələ bölgəsində artıq 20 gündür fəaliyyətini davam etdirirlər.

Gənclər Fondundan Bizim.Media-ya bildirilib ki, gənclərimiz xidmət etdiyi şəhərlərdə həyata keçirdiyi humanitar fəaliyyətlərin miqyasını zərərçəkənlərin ehtiyaclarına müvafiq olaraq genişləndirir, yerli əhali üçün zəruri xidmətlərin əlçatanlığında mühüm rol oynayırlar.

Belə ki, azərbaycanlı gənclər təbii fəlakətdən ən çox zərər görmüş Kahramanmaraş, Hatay, Adıyaman və Malatya bölgələrindəki çadır şəhərciklərində yaşayan zəlzələ qurbanlarına həm müxtəlif xidmətləri yerində təşkil edir, həm də əhalinin zəruri qida təminatı üzrə fəaliyyət göstərən müəssisələrdə könüllü fəaliyyətlərini həyata keçirirlər.

Bir neçə gündür ki, Azərbaycan könüllüləri zəlzələnin episentri hesab edilən Kahramanmaraşdakı çörəkbişirmə məntəqəsində fəaliyyət göstərirlər.

Gün ərzində 45 min ədəd çörək paylanan məntəqədə gənclərimiz çörək və digər zəruri un məmulatlarının hazırlanması prosesində iştirak etməklə yanaşı, növbələrin tənzimlənməsi və çörəklərin yerli əhaliyə paylanması işində də fəal şəkildə çalışırlar.

Gənclərimizin adıçəkilən bölgələrdə xidməti müddətində Azərbaycan könüllülərinə yerli sakinlərin və çoxsaylı yüksək səviyyəli rəsmilərin minnətdarlıq etməsi, onların zəlzələ bölgəsindəki fəaliyyətini yüksək qiymətləndirməsi, könüllülərimizin bu şərəfli missiyanı uğurla həyata keçirdiyinə və xalqımızın qardaş ölkədə yüksək səviyyədə təmsil etdiyinə dəlalət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin