Heydər Əliyev adına Hərbi İnstitutun 105 illiyi QEYD OLUNDU – FOTO

Hazırda oxunan: Heydər Əliyev adına Hərbi İnstitutun 105 illiyi QEYD OLUNDU – FOTO

123297

Martın 1-də Müdafiə Nazirliyinin rəhbər heyəti Heydər Əliyev adına Hərbi İnstitutun 105 illiyi ilə əlaqədar keçirilən tədbirdə iştirak edib. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Məlumata görə, tədbirdən əvvəl müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi institutun ərazisində yeni istifadəyə verilən idman kompleksində yaradılan şəraitlə tanış olub. 

Müdafiə nazirinə məruzə edilib ki, kompleksdə kursantların fiziki hazırlığının daha da yaxşılaşdırılması, eləcə də idmanın bütün növü ilə məşğul olmaları üçün hər cür şərait yaradılıb. 

Sonra hərbi institutun 105 illiyinə həsr olunan tədbir keçirilib. 

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
Tədbirdə institutun rektoru general-mayor Fizuli Salahov çıxış edərək institutun tarixi, əsas fəaliyyət istiqamətləri, eləcə də məzunların əldə etdikləri nailiyyətlər barədə ətraflı məlumat verib. 

Qeyd olunub ki, institutun məzunlarının qəhrəmanlığı hər zaman yüksək qiymətləndirilib, ölkə rəhbərliyi tərəfindən onlardan 7 nəfəri "Azərbaycanın Milli Qəhrəmanı", 46 nəfəri "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, 43 nəfər məzun isə "general" ali hərbi rütbəsinə qədər yüksəlib. 

Hərbi institutun zabit, kursant və professor-müəllim heyətinin iştirakı ilə keçirilən tədbirdə müdafiə naziri general-polkovnik Z.Həsənov çıxış edib. 

Müdafiə naziri çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə orduda aparılan islahatlardan, peşəkar kadr hazırlığının əhəmiyyətindən, hərbi təhsil sahəsində görülən işlərdən danışıb. Ən qabaqcıl orduların müasir, yeni nəsil silah və hərbi texnikasının Azərbaycan Ordusunun arsenalına daxil edilməsinin birbaşa Ali Baş Komandanın şəxsi nəzarətində olduğu diqqətə çatdırılıb.

Vahid mərkəzdən operativ idarəetmə sisteminin yaradılmasının, yüksək döyüş qabiliyyətinə malik yeni komando hərbi hissələrinin mövcudluğunun orduda davam edən islahatların nəticəsi olduğunu qeyd edən nazir ordu quruculuğunda daima yeni yanaşmaların, daha effektiv metod və üsulların, müasir hərbi innovasiyaların tətbiq edildiyini bildirib. 

Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətini diqqətə çatdıran nazir hərbi institutun yetirmələrinin də döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrinin Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. 
İnstitutda hərbi mütəxəssislərin hazırlıq proqramının Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin hərbi məktəblərində tətbiq olunan proqramlara uyğunlaşdırılmasının Azərbaycan Ordusunda peşəkar zabit kadrlarının hazırlanması istiqamətində atılan mühüm addımlardan biri olduğu qeyd edilib. 

General-polkovnik Z.Həsənov kursantlara tədrisdə və gələcək xidmətlərində uğurlar arzulayıb, hərbi təhsil sisteminin daha keyfiyyətli və yüksək səviyyədə təşkili üçün aidiyyəti vəzifəli şəxslərə konkret tapşırıqlar verib. 

Tədbirdən sonra müdafiə naziri kursantlarla birgə nahar edib, onların qayğıları ilə maraqlanıb və suallarını cavablandırıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin