Azərbaycanın Ukraynadakı səfirliyi ölkədə yaşayan soydaşlarımıza MÜRACİƏT ETDİ 

Hazırda oxunan: Azərbaycanın Ukraynadakı səfirliyi ölkədə yaşayan soydaşlarımıza MÜRACİƏT ETDİ 

123256

Azərbaycanın Kiyevdəki səfirliyi Ukraynada yaşayan vətəndaşlarımıza müraciət edib. 

Bizim.Media xəbər verir ki, bu barədə səfirliyin “Facebook” hesabında məlumat verilib. 

Bildirilib ki, səfirliyin konsulluq şöbəsi Ukraynada müharibənin ilk günündən xüsusi iş rejiminə keçmiş, 2022-ci ilin avqust ayınadək hər gün, avqust ayından həftədə beş dəfə olmaqla vətəndaşların çoxsaylı müraciətlərini qəbul etməkdədir.

Ukraynanı tərk etməməyi və təxliyə olunduqdan sonra geri qayıtmağı üstün tutmuş vətəndaşlarımızın çoxsaylı müraciətləri, vətəndaşlarımızla əlaqəli məsələlərlə bağlı Ukrayna dövlət qurumlarının sorğuları və məlumatları, uzun illər ölkədə sənədsiz yaşamış vətəndaş və həmvətənlərimizin problemləri, həmçinin bir sıra digər bu kimi məsələlərlə bağlı gündəlik tədbirlər görülməkdədir. 

“Səfirliyin bir neçə dəfə müraciət yaymasına baxmayaraq, konsulluq şöbəsinin göstərdiyi xidmətlərlə bağlı vətəndaş və soydaşlarımızdan “yardım” qarşılığında maddi maraq uman şəxslər barədə məlumatlar hələ də daxil olmaqdadır. Bu hallar əsasən konsulluq şöbəsinin xidməti öhdəlikləri çərçivəsində və qaydasında göstərdiyi xidmətin guya “müsbət”, “tez” həllinin təşkili və səfirlik vasitəsilə alınmalı olan arayışların guya “sürətli” qaydada hazırlanması, əslində isə saxta arayışların tərtib edilməsi qarşılığında pul vəsaitinin alınması ilə müşahidə olunur.  

Bununla əlaqədar bir daha Ukraynada yaşayan vətəndaş və həmvətənlərimizin diqqətinə aşağıdakıları çatdırmaq zərurəti yaranmışdır: 

- Konsulluq şöbəsi öncədən elan olunan qeyri-iş günləri istisna olmaqla həftənin beş günü saat 10:00-dan 12:30-dək Kiyev şəhəri, Qlıboçitska küçəsi 24 ünvanında qəbul aparır, müraciətlərin ən qısa və sadə şəkildə həlli məqsədilə öz üzərinə düşən vəzifələri yerinə yetirir; 

- Konsulluq xidmətlərinə görə dövlət rüsumları yalnız Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş məbləğdə və yalnız bank hesabına ödənməklə tutulur. Xüsusi qeyd etmək lazımdır ki, 3 mart 2022-ci il tarixindən indiyədək Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri rüsumsuz verilir və bu yanaşma davam etməkdədir;  

- Konsulluq xidmətlərindən “daha tez” və “öz marağına uyğun” şəkildə faydalanmaq məqsədilə kənar şəxslərə pul vəsaiti və ya digər maddi maraq qarşılığında müraciət edən vətəndaşlar nəzərə almalıdırlar ki, heç bir “tanış”, “qohum” və “vəzifəli şəxslər” vasitəsilə edilən müraciət prosesin səfirlikdən asılı olan hissəsinin daha qısa müddətdə və qanundan kənar həllinə təsir edə bilməz; 

- Konsulluq şöbəsi vasitəsilə alınmalı olan arayışların guya “daha tez” əldə edilməsi məqsədilə kənar şəxslərin “yardım” təklifinə aldanan vətəndaşlarımızın diqqətinə çatdırmaq istərdik ki, belə “yardım” göstərən şəxslərin arayışları saxta hazırladıqları faktları müəyyən olunur. Ukraynanın aidiyyəti qurumuna təqdim olunan bu arayışların həqiqiliyini təsdiq etmək məqsədilə müvafiq qurumdan səfirliyə müraciət edildikdə saxtakarlıq faktı üzə çıxır və bununla bağlı Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına müvafiq tədbir görülməsi məqsədilə məlumat verilir; 
- Bu fürsətdən istifadə edərək həmçinin qeyd etmək istərdik ki, konsulluq şöbəsinin telefon nömrələrinə gündəlik çox sayda zənglər daxil olmaqdadır. Elektron poçt vasitəsilə daxil olan müraciətlər növbə ilə cavablandırılsa da, iş yükü səbəbindən telefon zənglərinin hamısına anında cavab vermək qeyri-mümkündür. Vətəndaşlarımızdan bunu nəzərə almağı xahiş edir, həftə içi hər gün konsulluq qəbuluna edilən müraciətlərlə bağlı mütləq tədbir görüldüyünü bir daha diqqətə çatdırmaq istəyirik.

Konsulluq şöbəsi tərəfindən göstərilən xidmətlər və onlardan faydalanmaq qaydaları barədə ümumi məlumatla səfirliyin rəsmi internet səhifəsinin aşağıdakı bölümündə tanış olmaq olar: 

//kiev.mfa.gov.az/.../konsulluq-sobesi-terefinden... 


Ukraynada qalmağa üstünlük vermiş vətəndaşlarımızdan bir daha təhlükəsizlik tədbirlərində diqqətli olmağı, sənədlərinin etibarlılığına ciddi yanaşmağı, konsulluq şöbəsi ilə maddi maraq qarşılığında yardım təklifi hallarında [email protected] elektron poçt ünvanı vasitəsilə məlumat vermələrini xahiş edirik”, - deyə məlumatda qeyd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin