Qaçırılan qadının atasından ağlasığmaz AÇIQLAMA – “Qızım yanvarın 9-dan oğurlanıb” - EKSKLÜZİV 

Hazırda oxunan: Qaçırılan qadının atasından ağlasığmaz AÇIQLAMA – “Qızım yanvarın 9-dan oğurlanıb” - EKSKLÜZİV 

123132

Atası və nikahda olduğu ailəsi tərəfindən məcburi şəkildə maşına salınaraq qaçırılan 22 yaşlı Elvina Əhmədova ilə bağlı qalmaqal böyüyür. Qadının iddiasına görə nikahda olduğu Əhmədovlar ailəsi tərəfindən dəfələrlə şiddət gördüyü üçün boşanmaq istəyib. Qarşı tərəf buna imkan verməyib, üstəlik 3 yaşlı oğlu əlindən alınıb. Elvina Əhmədova boşanmaq və övladının ona verilməsi tələbi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edib. Bununla bağlı proses martın 7-nə təyin olunub. 

Əvvəlcə qalmaqallı ailə barədə məlumat verək:
 

MÖVZU İLƏ BAĞLI:

Qaçırılması olay olan qadından EKSKLÜZİV – “Məni İmişliyə öldürməyə aparırdılar”


Elvina Əhmədova uşaq ikən anasını itirib. Atası və nənəsinin himayəsində böyüyüb. 4 il əvvəl bibisi oğlu Fərid Əhmədovla ailə həyatı qurub. Onların birgə nikahdan 3 yaşlı övladları var.

Elvina Əhmədovanın iddiasına görə boşanma tələbindən sonra bibisi və atası birləşərək ona gün işığı verməyiblər. Övladı ilə onların əlindən yaxa qurtarmaq üçün tanışının evinə sığınıb. 

Keçək əsas mətləbə...

Elvina Əhmədovanın atası Yengibar Şükürov Bizim.Media-ya eksklüziv açıqlamasında qızı ilə bağlı ağlasığmaz faktlar açıqlayıb. O, yanvarın 9-dan qızının və nəvəsinin hansısa qrup tərəfindən oğurlandığını, bununla bağlı isə Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, İnsan Alverinə qarşı Mübarizə İdarəsinə yazılı müraciətlər etdiyini bildirib:

“Qızım 2-si Şamaxı, 1-i Füzuli, 1-i Ağsu, digər 1-i isə Salyan rayonundan olmaqla 4-cü mikrarayonda yaşayan Firəngiz və Əli, 48 yaşlı Təranə Quliyeva, Ləman və Dilarə adlı şəxslər tərəfindən qaçırılıb.  Bunlar qızımı və nəvəmi yanvarın 9-dan aparıblar.

O vaxtdan qızım nə məni, nə də ərdə olduğu ailəsini görmək istəyir. Onların diktəsi ilə hərəkət edir. Halbuki o adamların heç biri düzgün yolda deyil. Nəsimi Rayon Polis İdarəsinin 19-cu bölməsində həmin qrup üzvlərinin izahatları da alınıb. Binəqədi Rayon Polis İdarəsinin 7-ci bölməsində də iş gedir. Qızımla birgə qrup üzvləri narkoloji testdən keçirilməlidir.

Qızımın orta təhsili yoxdur, anası dünyasını dəyişəndən sonra ikinci sinifdən məktəbə getməyib və nənə himayəsində böyüyüb. Bu insanın savadsızlığından istifadə edib, ona şirnikləndirici vədlər və hansısa dərmanlar verilir. Özünün istəyi və razılığı ilə bacım oğluna ərə vermişəm.

Heç bir problemləri yox idi. O adamlara qoşulandan sonra onu evinə, ailəsinə qaytara bilmirik”.

Yengibar Şükürov qaçırılma olayına da toxunub. 

O, deyib ki, olay yerində görüntüdə əks olunan “Uber” taksisində qızımı himayə edən qrup üzvləri olub:

“Qaçırılma olayında mən, bacım və yoldaşı olub. Onu İmişliyə aparmaq istəyirdim ki, o insanlardan ayırım və doğulduğu rayonda biabır olmayım. Qızım isə əl çəkmədi, maşından düşüb yenə onlara qoşulub getdi. O, düz yolda və doğru adamların yanında deyil. Narkoman qrupa uşaq vermək olarmı? Şiddət gördüyünü yalan deyir.

Hamısı ona dəstək verən insanların sözləridir. Boşanmaq istəyəndə də ona dəstək olacağımı, onu böyüdən nənəsinin və mənim yanıma qayıda, hətta “ayrı yaşamağına şərait də yarada bilərəm” dedim.  Uşağı pal-paltar adı ilə birtəhər gətirə bildik. Özü isə bizi dinləmədi... Uşaq onların yanından gələndən vəziyyəti pisləşib. Nə dərman veriblərsə, şişib və hazırda İmişlidə xəstəxanadadır.  Qızım polis bölməsində  izahat verib ki, atamı, nənəmi, həyat yoldaşımı və onun ailəsini istəmirəm. Anlamır ki, çox təhlükəli qrupa qoşulub.

Onların hər birini şəxsən 19-cu bölmədə görmüşəm. Məndə həmin qrupun yaşadığı yerlərin, qızıma necə kömək edib aparmalarının videogörüntüləri, hətta “Watsapp”danışıqları  var. Hazırda Milli Məclisdəyəm və rayonumuzun deputatı Razi Nurullayevin qəbuluna kömək üçün gəlmişəm. Elə bir yer qalmayıb ki, yazılı ərizə ilə müraciət etməyim. Nə edəcəyimi bilmirəm. Bu məsələdə aidiyyəti qurumların mənə köməklik etmələrini istəyirəm”. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlamışıq. 

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Mövzunu davam etdirəcəyik...

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin