Təhsil üçün xaricə gedən gəncləri necə itiririk? – DETALLAR

Hazırda oxunan: Təhsil üçün xaricə gedən gəncləri necə itiririk? – DETALLAR

123061

Yüksək səviyyəli milli təhsil bazası yaratmadan gəncləri xaricə göndərmək, təbii sərvəti xammal kimi istifadə etmək kimi bir şeydir. Emal və qazanc, amal və tərbiyə də xaricilərin ixtiyarına buraxılır. 

Fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilovun sosial şəbəkədə yazdığı bu fikir izləyicilər tərəfindən müzakirələrə səbəb oldu. Bir qisim insanlar Səlahəddin bəyin bu fikirlərinin doğru olduğunu, bir qismi isə Azərbaycanda keyfiyyətli təhsil almağın çətin olduğunu irəli sürdü.

Ümumiyyətlə, xaricdə təhsil almağa getməzdən əvvəl gənclərdə hansı xüsusiyyətlər inkişaf etdirilməlidir? Xaricdə təhsil bir nömrəli məsələyə çevrilməlidirmi?  

Mövzunun davamını Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, təhsil üzrə ekspert İlqar Orucovla müzakirə etdik. 
 

MÖVZU İLƏ BAĞLI:

Ali məktəb və kolleclərə sənəd qəbulu BAŞLADI 


Müsahibimiz professsorun səsləndirdiyi fikirlərdə böyük həqiqət olduğunu deyir: 

“Gənclərimizi xaricə göndərəndə müəyyən məqamlara mütləq diqqət yetirməliyik. Bir məsələni xatırladım. Ölkə Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illiyik yubileyində möhtəşəm bir çıxış etdi və təhsil ictimaiyytinə çağırış etdi. Bildirdi ki, Azərbaycan gənclərini, övladlarımızı milli ruhda, milli dəyərlərə sahib çıxmaq ruhunda tərbiyə etməliyik. Qeyd edim ki, bu iş məktəblərdən başlamalıdır. Çox sayda gəncimiz hər il təhsil üçün dünyanın müxtəlif ölkələrinə gedir. Həmin gənclər milli ruhda olmasalar, xammal kimi xaricə gedəcəklər və onlardan istənilən formada istifadə etmək olar”.

İlqar Orucov Milli Məclisin Elm və Təhsli Komitəsinin sədr müavini Musa Qasımlının vaxtilə bu mövzuda səsləndirdiyi fikri yada salıb: 

“O zaman jurnalistlər Musa müəllimin fikrini konteksdən çıxarmışdılar. Ziyalılarımızın fikrini qəribçiliyə salmamalıyıq. Bu fikrlərin alt qatlarında böyük həqiqətlər gizlənib. Xaricə gedib yabançı təsirlərin altına düşən kadrlar bu ölkəyə lazım deyil. Ölkə başçısı Azərbaycanlı gənclərin xaricdə təhsil alması ilə bağlı müxtəlif illəri əhatə edən dövlət proqramları imzalayıb. Hər iki proqramın məqsədi bizim milli kadr potensialımızı qurmaq, savadlı. ən yaxşı uşaqları xaricə göndərməkdir. Ayrı-ayrı mübadilə proqramları çərçivəsində xaricə gedənlər var. Həmin gənclərlə ciddi işləmək lazımdır. Vətənə sevgi, torpağa bağlılıq, milli dəyərlərə sahib çıxmağın vacibliyini öyrətməliyik”.

Ekspert onu da bildirib ki, sadalanan keyfiyyətləri öyrətmək bir-iki günün işi deyil: 

“Orta məktəblərda öyrədilməyənləri, imtahan verib yüksək nəticə ilə xaricə gedən gəncə qısa müddətdə öyrətmək olmaz. Bu istiqamətdə işlər var, amma daha yaxşı görülməlidir. Xaricdə təhsil proqramlarının məqsədlərindən biri də o idi ki, gənclərimiz sorosçuların, nurçuların təsiri altında, onların maliyyəsi ilə gedib xaricdə oxumasınlar.  Yüksək təhsillə bərabər zəhərlənmiş beyinləri ilə geri qayıtmasınlar. 

Bir vaxtlar Bakıda türk liseyləri fəaliyyət göstərirdi. Sonra məlum oldu ki, həmin məktəblər Fətullah Gülənin maliyyəsi ilə, məqsədli şəkildə təşkil olunub.

Belə olan halda biz həmin məktəblərdə təhsil alan vətəndaşlarımızdan imtinamı etməliyik?Dünyada insan beynindən böyük sərvət yoxdur. Düşünürəm ki, milli təhsil bazamız məktəbəqədər təhsil müəssislərindən formalaşdırılsa, sabah heç bir gənc o təsirə düşməyəcək. Dövlət proqramı çərçivəsində ən savadlı gəncləri göndəririk. Əgər onlarda sadaladığım boşluqlar varsa, sabah Azərbaycançılıq ideologiyalarını dəyişə və zərərli şəxsə çevrilə bilərlər. Mən də ziyalı kimi bu məsələdən narahatam.

Əslində sorosçuların, nurçuların maliyyəsi hesabına təhsil alanlar var ki, bu gün azərbaycandadırlar. Onlar milli mentalitetə malik deyillər. Zamanında onların beyinlərinə zərərli fikirlər yeridilib. Ona görə də gəncin savadı bir az olsa da olar, amma əsas odur ki, o milli təfəkkürə sahib olsun. Çünki Azərbaycançılıq ideologiyasını daşıyan insanlar ölkəmizə xidmət edəcəklər”. 

İlqar Orucovun fikrincə, strateji qurumlar, aidiyyatı dövlət qurumları bu işlə cidid məşğul olmalıdır: 

“KİV də bu məsələdə həssas olmalıdr. Beyni zədələnmiş şəxsin Azrbaycana xidmət etməsi daha zərərlidir. Belə demək də çətindir. Çünki bu gənclər bizim milli sərvətimizdir. Onu da deyim ki, dünyada belə bir təcrübə var. Ən yaxşılar, savadlı gənclər hər zaman çirkli  niyyətli qurumların əlində hədəf olur. Gənclərimizi hədəfə çevirməmək üçün məsuliyyətli olmalıyıq”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin