Sabiq səhiyyə nazirlərimiz indi haradadır? – ARAŞDIRMA 

Hazırda oxunan: Sabiq səhiyyə nazirlərimiz indi haradadır? – ARAŞDIRMA 

123059

Hazırda Azərbaycanda tibbi sektorda əsas icra hakimiyyəti orqanı Elm və Təhsil Nazirliyidir. Müstəqilliyimizin bərpasından sonra bu nazirliyə indiyə qədər 5 fərqli məmur rəhbərlik edib.
2022-ci ilin 19 yanvar tarixindən etibarən Teymur Musayev səhiyyə naziri vəzifəsini icra edir. Lakin T.Musayev 23 aprel 2021-dən başlayaraq nazir səlahiyyətlərini daşıyıb.
Teymur Musayevdən əvvəl isə 4 fərqli səhiyyə nazirimiz olub.

Bizim.Media sabiq səhiyyə nazirlərinin indi harada olduqlarını araşdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Yüksək vəzifələrə təyin olunmuş sabiq MÜXALİFƏTÇİLƏR – SİYAHI 


Tələt Qasımov

Müstəqil Azərbaycanın ilk səhiyyə naziri məhz Tələt Qasımov olub. Tibb elmləri namizədi olan sabiq nazir Azərbaycan SSR-nin əməkdar həkimi adına da layiq görülüb. O, 1991-ci ilin 23 mayından 1992-ci ilin 10 aprelinədək səhiyyə naziri olub. O nazir vəzifəsindən getdikdən sonra Azərbaycanın Moskvadakı nümayəndəliyində ümumi məsələlər üzrə müşavir vəzifəsində çalışıb. 1993-cü ildə bu vəzifəsindən ayrılan Tələt Qasımov sonrakı dövrdə dövlət idarəetməsində çalışmayıb. O, 1999-cu ildə dünyasını dəyişib.

Rahim Hüseynov

Tələt Qasımovu nazir postunda Rahim Hüseynov əvəz edib. 10 aprel 1992-ci ildən 16 sentyabr 1993-cü ilə qədər səhiyyə naziri olub. R.Hüseynov 1994-cü ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının tibb doktoru seçilib. 1995-ci ildən 2017-ci ilədək "Təfəkkür" Universitetinin prorektoru, Tibbi biologiya, hazırkı Biologiya və təbiət elmləri kafedrasının müdiri vəzifəsində işləyib.

Elmi fəaliyyətlə məşğul olan sabiq nazirin səhiyyə problemləri ilə bağlı 100-ə qədər elmi məqaləsi, iki kitabı nəşr edib. Rahim Hüseynov həmçinin "Təhsil" qəzetinin redaksiya heyətinin üzvü, Alman-Azərbaycan dostluq cəmiyyətinin fəxri üzvüdür.

Əli İnsanov

1993-cü ilin 9 noyabrından 20 oktyabr 2005-ci ilədək səhiyyə naziri postunu məhz Əli İnsanov tutub. O, həmçinin 1995-2000-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı olub. Əli İnsanov 2005-ci il oktyabrın 20-də Azərbaycan Respublikasında Milli Məclisə seçkilər ərəfəsində hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşların təşkilinə hazırlıq kimi ittihamlarla həbs edilib, sonradan ona qarşı vəzifə və iqtisadi cinayətlər törətməsi ittihamları da irəli sürülüb. O, 2007-ci ilin aprel ayında 11 il müddətinə azadlıqdan məhrum edilib. 

2016-cı ildə isə yeni ittihamlarla keçmiş nazirin həbs müddəti 7 il 5 gün artırılıb. Lakin bundan 3 il sonra, 2019-cu ilin mart ayının 16-da Prezidentinin əfv Sərəncamı ilə Əli İnsanov azadlığa buraxılıb. Sabiq nazir cəmi 7 ay sonra 2019-cu ilin noyabrında Haqq-Ədalət Partiyasını təsis etdiyini elan edib. Partiya bir il sonra dövlət qeydiyyatına alınıb. Əli İnsanov hazırda partiya sədri kimi siyasi arenada mübarizəsini davam etdirir.

Oqtay Şirəliyev

Səhiyyə naziri postunda ən uzun müddət qalmış məmur məhz Oqtay Şirəliyevdir. O, 20 oktyabr 2005-ci ildən 23 aprel 2021-ci ilədək nazir vəzifəsini icra edib. Nazir postundan azad edildikdən üç ay sonra Respublika Diaqnostika Mərkəzinin baş direktoru vəzifəsinə təyinat alıb. 2022-ci ilin 16 fevralında isə sabiq nazir Diaqnostika Mərkəzinin qanuni təmsilçisinə çevrilib. O. Şirəliyev hələ də Yeni Azərbaycan Partiyasına üzvüdür.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin