Sadəcə internet. Bəli, belə oldu, müasir dövrdə bir çox sahələr genişləndi, insanların yaşayışı daha da rahatlaşdı. Yaşayış üçün bütün zəruri ehtiyaclarımızı bu tor üzərindən evdən çıxmadan əldə edə bilərik.
Bizim indi internet vasitəsilə işlərimizi idarə edib, məlumat, təhsil almaq imkanımız var. Dünyanın harasından desən, anında xəbər almaqla, xəbər ötürmək fürsəti tam əlimizdədir.
Ancaq bir şeyi də nəzərdən qaçırmaq olmaz, elmin bu lütfü xeyirli olduğu qədər də ziyan verə bilər. Sağlamlıq və psixoloji məsələlər öz yerində, amma işin başqa tərəfi də var.
Bu gün platformalarda açıq-aşkar hər bir xəbər yayımlanır. Lakin internetin cəmiyyət haqqında əsas informasiya mənbəyi olduğunu heç kəs ciddiyə almır və ya almaq istəmir.
Azərbaycanda əksər saytlar “mediametrics.ru”, “liveinternet.ru” və digər sayğac sistemlərinə qoşularaq, saytı idarə edir, onun xəbər siyasətini, quruluşunu formalaşdırır. Bu da xarici kəşfiyyata və ya ölkəni manipulyasiya etmək istəyən qüvvələr üçün əlverişli şərait yaradır.
Bu ölçülərin nəticəsini əldə etməklə hər bir şəxs həmin o, reytinq hesablayan platformalardan maraqlandığı ölkənin cəmiyyəti haqqında bilgiyə malik ola bilər.
Çünki auditoriyanın maraq dairəsi hər bir cəmiyyətin anatomiyasını üzə çıxarır. O cəmiyyətin maraq dairəsini, zəif və güclü tərəflərini, ona təsir edə biləcək amilləri ortaya qoymuş olur.
Bu da xarici kəşfiyyat üçün, dünyanı idarə edən beyin mərkəzlərinin əlində yaxşı xammaldır.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Texnobloger Fərid Pərdəşünas bildirib ki, dünyada bu cür işlər üçün nəzərdə tutulan iki platforma mövcuddur:
“Bu sayğac sistemləri Amazon şirkətinə məxsus olan Alexa.com və similarweb.com-dur ki, hazırda bütün iri saytlar bu sistemlərlə əməkdaşlıq edirlər. Bizim ölkədə fəaliyyət göstərən saytlar isə gedib rusların fərsiz sayğac sisteminə qoşulurlar”.
Pərdəşünas da təsdiqlədi ki, bir cəmiyyət haqqında fikri şübhəsiz, xəbər siyasəti formalaşdırır. Onun sözlərinə görə, həmin platformalarda reytinq siyahısına baxdıqda, Azərbaycan oxucusunun maraq dairəsi, hansı mövzuda olan xəbərlərə daha çox üstünlük verməsi rahatlıqla göz önünə çıxır:
“Bununla da müəyyən təhlükələr ortaya çıxa bilər. Bu Azərbaycan cəmiyyətinin informasiya manipulyasiyasına məruz qoya bilər. Qeyd edim ki, bu sistemlərlə çalışmaq sayt rəhbərlərindən asılıdır, məcburi deyil. Sayt istədiyi platformaya qoşula bilər.
Ancaq mən onlara daha təhlükəsiz qlobal platformalardan Alexa.com və similarweb.com-dan istifadə etməyi məsləhət görərdim”.
F.Pərdəşünas gələcəkdə bu cür halların qarşısını almaq üçün saytlar üçün milli sayğac sistemlərinin yaradılmasının əlverişli olmasını da vurğulayıb.
“Milli sayğacların yaradılmasında elə də çətinlik yoxdur. Kapital olduqdan sonra bu çox asan başa gələcək bir işdir. Ona görə bu cür platformanın yaradılması birbaşa sahibkarlardan asılıdır.
Bir çox insanlar bunun dövlət tərəfindən yaradılmasından danışırlar. Ancaq bu doğru fikir deyil, çünki dünyanın bütün dövlətlərində bu sistemlər özəl şirkətlər tərəfindən qurulur”.
Vüsalə Balayeva, Bizim.Media