Siyasi arenada təmsil olunmuş İNCƏSƏNƏT XADİMLƏRİ – ARAŞDIRMA 

Hazırda oxunan: Siyasi arenada təmsil olunmuş İNCƏSƏNƏT XADİMLƏRİ – ARAŞDIRMA 

122837

Dahi yunan filosofu Epikür siyasəti “çirkin oyun” adlandırırdı. Görkəmli ispan rəssamı Pablo Pikasso isə incəsənətin məqsədi ruhumuuz gündəlik həyatın çirkabından təmizləməkdir” deyirdi. Dahilərin bu kəlamlarını xatırlarmağımızın başlıca səbəbi incəsənətlə siyasətin bir-birindən nə qədər uzaq sahələr olduğunu göstərməkdir.

Ancaq Azərbaycan siyasətində bu fikirlərə istisna kimi çoxsaylı nümunələr göstərmək olar. Çünki ölkəmizdə siyasi arenada təmsil olunmuş xeyli sayda incəsənət xadimləri olub.

Bizim.Media həmin incəsənət nümayəndələrini araşdırıb.

Zeynəb Xanlarova

Dünya şöhrətli müğənni, Xalq artisti Zeynəb Xanlarova uzun illər deputat kimi fəaliyyət göstərib. Müğənni Milli Məclisdə ən uzun müddət təmsil olunmuş incəsənət xadimidir. O, ümumilikdə, 5 dəfə seçicilərinin rəğbətini qazanaraq, 24 il millət vəkili olub. Xalq artisti yalnız sonuncu parlament seçkilərində namizədliyini irəli sürməyib.

Sabir Rüstəmxanlı

Xalq şairi Sabir Rüstəmxanlı Milli Azadlıq Hərəkatı zamanında aktiv siyasi mübarizəyə qoşulub. 1992-ci ildə isə Vətəndaş Həmrəyliyi Partiyasını təsis edib və 30 ildən çoxdur ki, bu siyasi təşkilata sədrlik edir. S.Rüstəmxanlı həm də stajlı deputatlardandır. O, I, II, III, IV və VI çağırış parlament seçkilərində qələbə qazanaraq parlamentdə təmsil olunub. Hal-hazıra Milli Məclisdəki azsaylı incəsənət xadimlərindən biri hesab oluna bilər.

Flora Kərimova

Xalq artisti, tanınmış müğənni Flora Kərimova da Meydan Hərəkatının aktivistlərindəndir. O, müstəqillikdən sonra da siyasi mübarizəsinə davam edib. Flora Kərimova 2000 və 2005-ci illərdə keçirilən parlament seçkilərində Müsavat Partiyasının nümayəndəsi kimi namizədliyini irəli sürsə də, Milli Məclisdə mandat qazana bilməyib.

Maqsud İbrahimbəyov

Mərhum Xalq yazıçısı, rejissor və drammaturq Maqsud İbrahimbəyov də uzun müddət parlamentdə təmsil olunmuş incəsənət xadimlərindəndir. O, 1995, 2000 və 2005-ci illərdə seçicilərinin etimadını qazanmağı bacarıb. 

Rüstəm İbrahimbəyov

Qardaşı M.İbrahimbəyov kimi Rüstəm İbrahimbəyov da siyasi arenada təmsil olunmuş incəsənət adamlarındadır. O, 7 iyun 2013-cü ildə yaradılan Demokratik Qüvvələrin Milli Şurasının sədri seçilib. 2 iyul 2013-cü il tarixindən Milli Şuranın Azərbaycan Respublikası prezidentliyinə vahid namizədi kimi göstərilib. Lakin 27 avqust 2013-cü ildə keçirilmiş MSK iclasında ikili vətəndaşlığı əsas gətirilərək namizədliyinin təsdiq olunmaması haqqında qərar qəbul edilib.

Vaqif Səmədoğlu

Mərhum Xalq şairi Vaqif Səmədoğlu Meydan Hərəkatı dönəmində aktiv siyasi mübarizədə iştirak edib. Sonrakı illərdə o, II və III çağırış üzrə Milli Məclisin deputatı seçilib.

Yusif Səmədoğlu

Mərhum Xalq yazıçısı Yusif Səmədoğlu da qardaşı V.Səmədoğlu kimi Azadlıq Hərəkatının iştirakçılarındandır. O, 1995-ci ildə Milli Məclisin deputatı seçilib. Lakin o, 1998-ci ildə dünyasını dəyişdiyi üçün 5 illik müddətini sona çatıra bilməyib.

Bəxtiyar Vahabzadə

B. Vahabzadə hələ SSRİ dağılmamışdan, X çağırış Ali Sovetin deputatı olub. Daha sonra 1995 və 2000-ci illərdə keçirilən seçkilərdə qələbə qazanan mərhum Xalq şairi Bəxtiyar Vahabzadə də Milli Məclisdə təmsil olunmuş ədəbiyyat xadimləri sırasındadır.

Zəlimxan Yaqub

Mərhum Xalq şairi Zəlimxan Yaqub da Bəxtiyar Vahabzadə kimi, 1995 və 2000-ci illərdə seçicilərinin etimadını qazanaraq parlamentə düşməyi bacarmış qələm sahibidir.

Məmməd Araz

Xalq şairi Məmməd Arazın siyasi fəaliyyətə başladığı dönəm 1990-cı illərin əvvəllərinə təsadüf edib. O, təsis olunduğu vaxtdan etibarən Azərbaycan Milli İstiqlal Partiyasının sıralarına üzv olub və dünyasını dəyişdiyi 2004-cü ilədək AMİP-də təmsil olunub. 

Anar Məmmədxanov

Bakı Şən və Hazırcavablar Klubunun mərhum prezidenti Anar Məmmədxanov da birinci, ikinci və üçüncü çağırış Milli Məclisin deputatı seçilib.

Anar

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar I və II çağırış dönəmlərində millət vəkili olub.

Amaliya Pənahova

Xalq artisti, mərhum aktrisa Amaliya Pənahova1995-ci ildə, I çağırış Milli Məclisdə millət vəkili mandatını qazanmağa nail olub.

Ömər Eldarov

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, məşhur heykəltəraş və xalq rəssamı, Ömər Eldarov birinci çağırış Milli Məclisin deputatı olub.

Musa Yaqub

Mərhum Xalq şairi Ömər Eldarov və Amaliya Pənahova kimi 1995-ci ildə palramentdə mandat qazananlar arasındadır.

Xəlil Rza Ulutürk

“Azadlıq çarçısı” kimi bu gün də xatırlanan Xəlil Rza Ulutürk Meydan Hərəkatının ən ön sıralarında olan simalarından biri olub. O, mitinqlərdəki çıxışları, yazdığı şeirlərlə xalqı siyasi mübarizəyə səsləyib. X.R.Ulutürk 20 yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında da fəal iştirak edib. 

Mikayıl Mirzə

Mərhum Xalq artisti, aktyor Mikayıl Mirzə də Milli Azadlıq Hərəkatının fəallarından olub. O, 1995-ci ildə birinci çağırış Milli Məclisə deputat seçilib. İkinci dəfə isə 2002-ci ildə əlavə seçki yolu ilə millət vəkili olub. M.Mirzə bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyasının da üzvü olub.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin