Nigar Köçərliyə qarşı olan hərəkət qanunsuzdu, yolverilməzdi, amma Nigar xanımın "Mən kitaba xidmət edirəm" deməsi, o polislərin hərəkətindən heç fərqlənmir. Nigar xanım kitab üçün elədiyi hansı xidməti nəzərdə tutur?! Hansı layihədə iştirak edib?! Hansı gəncə dəstək olub?! "Qanun"un 5 manatlıq kitabını 7 manata satmağı kitaba xidmət sayır bəlkə?! Bəlkə bu yaxınlarda başlatdığı "endirim" dalğasını nəzərdə tutur?! Nə üçün dırnaq arasında yazdığımı yəqin ki, başa düşdünüz. Nigar xanım "endirim" adı ilə PR ilə məşğul olmağı kitaba xidmətmi sayır yoxsa?! Ucuz məhsul (kitab nəzərdə tutulur - müəl.) vədi ilə müştəri cəlb edib, sonra bahalı məhsulları piştaxtaya çıxartmaqla kimə xidmət edib Nigar xanım?! Kitabamı yoxsa cibinəmi?! Nigar xanımın qəsb edilmiş pulları da bəlkə elə gənclərin üzərindən qazanılmış pullardır. Kim bilir?! Yanlış anlamayın, qəsdim Nigar xanımı soyğunçu kimi qələmə vermək deyil, baxmayaraq ki, elə də fərqi yoxdur. Hər gəncin cibindən yuxarı qeyd elədiyim kimi 2 manat, 3 manat əlavə pul çıxarıldığı üçün, minlərlə gəncin cibindən 13 000 manatın çıxarılması mümkünsüz deyil.
Buradan Nigar xanıma səslənirəm. Çox möhtərəm Nigar xanım, siz gənclərin kitab sevgisindən istifadə edərək qazanc əldə etməkdən savayı nə kimi xidmət eləmisiniz kitab üçün, qiraət üçün, gənclərin kitab oxuyub maariflənməsi üçün?! Gənclərin hansı birinə şərait yaratmısınız?! Əgər kitaba xidmətdən dəm vurursunuzsa, kitaba xidmətin necə olduğunu sizə nümunə ilə başa salım. Kitaba xidmətin günümüzdəki yeganə etalonu kimi təkcə "Kitabsevərlər" qrupu və digərləri "Kitaba xidmət edirəm!"- şüarı ilə çıxış edə bilər! "Kitabsevərlər" qrupunun fəalları indiyə kimi Qərb ədəbiyyatından "Həyatın qanunu", Şərq ədəbiyyatından "Şəhrizad", dünya uşaq ədəbiyyatından "Gəlincik evi" adlı hekayələr toplularını, Nikolas Sparksın "Gündəlik" romanını tərcümə ediblər və bütün tərcüməçilər bu işi tam təmənnasız görüblər. Harper Linin "Bülbülü öldürmək" romanını kiril əlifbasından latın qrafikalı əlifbaya çevirərək çap etdiriblər, bu mətni yığanlar da bu işi tam təmənnasız ediblər. Gənc Qələmlərə Dəstək layihəsində 2 gənc yazıçının kitabını özlərindən pulsuz çap etdiriblər. Bundan başqa virtual və real olaraq da kitab təbliği ilə məşğul olurlar ki, hamısı da qrup fəallarının öz vəsaitləri hesabına olur. Möhtərəm Nigar xanımın gənc yazarlar kitablarının satışı üçün müraciət etdiyi zaman "Yerimiz yoxdur" deyərək onları geri çevirdiyini unutmamışıq hələ. Ümid edirik ki, bir gün Nigar xanım da kitaba gəlir mənbəyi kimi deyil, maarrifləndirici vasitə kimi nəzər yetirəcək.
Kamran İsmayılzadə


































































































