Daha 3 rayonda Xocalı faciəsinin qurbanları yad edildi - FOTO

Hazırda oxunan: Daha 3 rayonda Xocalı faciəsinin qurbanları yad edildi - FOTO

122664

İsmayıllı, Şamaxı və Ağdaş rayonlarında da Xocalı faciəsinin qurbanları böyük ehtiramla yad edilib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, İsmayıllıda Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar “Soyqırım abidəsi”nə yürüş təşkil edilib.

Bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciədən 31 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeridib, yerlə-yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutublar.
Həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olub, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.

Bu gün səhər saatlarından başlayaraq şəhərin mərkəzi meydanına toplaşan minlərlə İsmayıllı sakini “Soyqırım abidəsi”nədək yürüş ediblər.

Rayon rəhbərliyi, hüquq-mühafizə orqanları, yürüş iştirakçıları abidənin önünə qızılgül və tər qərənfillər düzüb, Xocalı qurbanlarının və şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Şamaxıda da Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsi anılıb.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri soyqırım abidəsini ziyarət etmiş, abidə önünə tər çiçəklər düzərək faciə qurbanlarının əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar keçirilən tədbiri giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən olduğunu qeyd edib, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımın beynəlxalq aləmə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi vurğulayıb.

Tədbirdə digər çıxış edənlər Şamaxı rayon Veteranlar Təşkilatının sədri Ağarza Bayramov, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı və Qobustan üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova Xocalı faciəsinin baş vermə səbəblərindən və onun acı nəticələrindən geniş söhbət açaraq, tarixi, hüquqi və mənəvi müstəvidən münasibətlərini bildiriblər.

Ağdaşda Gənclər və İdman İdarəsinin və GİKM - nin Ağdaş nümayəndəliyinin birgə təşkilatçılığı ilə "İrəli" İctimai Birliyi tərəfindən hazırlanmış Xocalı soyqrımının acı həqiqətlərini özündə əks etdirən "Böyüməyən uşaqlar" filmi şagirdlərə  nümayiş olunub.
Filmin nümayişindən öncə, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İdarə əməkdaşları və məktəb rəhbərliyi tərəfindən şagirdlərə  layihənin məzmunu, məqsədi və Xocalı soyqrımı haqqında ətraflı məlumat verilib.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin