XOCALI HƏQİQƏTLƏRİ: Şahidlər danışır - “İndi ora dönmək vaxtıdır”

Hazırda oxunan: XOCALI HƏQİQƏTLƏRİ: Şahidlər danışır - “İndi ora dönmək vaxtıdır”

122641

O müdhiş gecədən möcüzə nəticəsində salamat çıxan şahidlərin ailə faciəsini dinləmək ağır və çətindi. O şahidlərin hər birinin ailəsində ən azından bir ya iki şəhid var. Zeynalovlar ailəsi isə soyqırım yaşayanlardan hesab olunur.

Bu ailə də yüzlərlə Xocalı sakini kimi dəhşətli bir cəhənnəmi öz gözləri ilə görüb, misilsiz işgəncə və ağrıları canlarında yaşayıb. Geriyə qalan isə ailənin yeddi şəhidi və üç əlili oldu. Onların ikisi azyaşlı idi. 
Bütün bu dəhşətli məqamları Bizim.Media-nın yerli bürosuna Zaqatalada məskunlaşan Zeynalovlar ailəsinin üzvləri danışıb. Gəlin bizlər də şahidlik edək ki, erməni vandalizmini unutmayaq. 

O gecə....

...”Gəlib asfalta çatanda bir erməni UAZ-nı gördük. Naxçıvanikdən gəlib Əsgərəna kedirdi. Millətin də ucu bucağı yox idi. İstədilər bu UAZ-ı vuralar, içində də bir neçə erməni varıydı. Hamı asfaltla gedirdi, tək mən yox. 500 metr arxada olan, qabaqda gedənlər var idi. Lakin qoymadılar ki, səs salmaq lazım deyil. Qoy camaat sakitcə keçsin. Vurmadılar UAZ-ı, çıxıb getdi. Bu maşını görəndə elə bil ürəyimə bir şübhə gəldi”...
Bu fikirlər Xocalı şahidi Elxan Zeynalova məxsusdur.

Heç də yanılmayıbmış Elxan Zeynalov. Ermənilərin avtomobili yolun tamamına çatan anda göyə fişəng buraxıb və bir neçə dəqiqə sonra qətliam başlayıb. Ən ürək donduran məqam isə onların harayına, çağrışına gələnin olmamasıdır.

...”Milləti qırdılar. Bir az xəndək kimi yer vardı. Əlif Hacıyev də ordaydı. Ratsiyanı götürdü, yalvardı, zəng etdi, yalvardı ki, milləti qırdılar, köməyə gəlin. Xəbər gəlmədi, çox dedi ki, milləti qırdılar. Baş qaldırmaq mümkün deyildi. Pulemyotun gülləsi başını qaldıranın başına dəyirdi”...

Elxan həmin gecənin dəhşətlərini xatırladıqca daxili sarsıntılarını, kədərini büruzə verməməyə çalışsa da mümkün deyildi. Axı yaşanmış bir ağrı-acını necə sakitcə nəql edəsən. Söhbətimiz uzanır, biri-digərindən dəhşətli epizodlar xatırlanırdı. Ailəsinə, daha doğrusu qardaşlarına gəlincə....
...”Belə məlumatlar yayıldı ki, içlərində satqın olub. Dumandan istifadə eləyib aparıb erməni postlarına salıblarmış. 7-8 silahlı olub, qalanları arvad-uşaq. Ermənilər bunlara yaxınlaşanda Nadir Zeynalov (şəhid qardaşının şəklinə işarə edir - red) başqasının avtomatını götürüb ermənilərə atıb. Ermənilər də ona atıb. Bizim qonşu Zəhra xala da burda olub. Onu da vurublar”...

Zeynalovlar ailəsinin beş qardaşından ikisi sağ qalıb. Onlardan biri də Orucdur. Əfqanıstan müharibəsi iştirakçısı olan Oruc təbiətcə sakit olsa da qan yaddaşına ömürlük həkk olunan bu acı xatirələri heç cür unuda bilmir.

...”Xocalı faciəsi bizim ailə üçün çox ağrılı, acılı keçib. Üç qardaşımı, iki yeznə və iki qardaşım uşağı şəhid olub. Üç nəfər də yaralımız oldu: anam, bacım və gəlinimiz. Erməni vəhşiliyi hər ferval ayı yaxınlaşdıqca bizə daha çox təsiri edir. Qardaşlar cavan olub o vaxt, ən böyüyünün 31 yaşı olub, o birinin 29, birinin isə 25. İkisi evli olub, biri evli olmayıb. Bütün dünya bilməlidir ki, ermənilər Xocalıda necə vəhşiliklər törədib, körpə uşaqları necə qətlə yetiriblər”...

Bax belə...

Bir reportaja sığmayacaq qədər acı həqiqətlər.. 

İndi o ruhlar şəhəri Xocalıda Tofiq, Nadir, Əlif  kimi döyüşçü oğulların, Aydan, Fidan kimi körpələrin, Zəhra xala kimi neçə ana-bacılarımızın ah-naləsi, fəryadı dolanır. Neçə insan güllə-baran olundu, neçəsi əsir götürüldükdən sonra parça-parça edildi.
Xocalı şahidlərinin bir təsəllisi var. Şəhidlərin qanı alındı. İndi qalır Xocalıya dönüb, naməlum ya kütləvi məzaqlıqları tapıb yaxınlarını dəfn etmək.

O gün də uzaqda deyil...

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin