Qubada Xocalı faciəsinin 31-ci ildönümü münasibətilə Bəşir Səfəroğlu adına Mədəniyyət Mərkəzində "Xocalı soyqırımına hüquqi qiymət verilməsində Ümummilli lider Heydər Əliyevin rolu" mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən Quba İH başçısı Ziyəddin Əliyev 31 il əvvəl ermənilərin kütləvi soyqırıma məruz qoyduğu Xocalıda baş verən dəhşətli faciədən və doğma evlərindən pərən-pərən düşmüş xocalıların yerləşdirilməsində milli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.
İH başçısı hazırda Qubada həmin dəhşətləri yaşamış 3 Xocalıdan olan ailənin məskunlaşdığını deyib:
"Onlardan biri yerli Xocalı ailəsidir. İkisi də Özbəkistanın Fərqanə vilayətindən Xocalıya köçürülmüş Axısxa türkü ailəsidir. Həmin 3 ailə 25 nəfərdən ibarətdir. Quba şəhərində və Barlı qəsəbəsində məskunlaşıblar."
Şəhid ailələrinin, ictimaiyyət nümayəndələrinin, ziyalıların qatıldığı tədbirdə Xocalı şəhidlərinin xatirəsi hörmətlə anılıb. Tədbirdən sonra Quba İH başçısı Ziyəddin Əliyev və iştirakçılar Xocalı soyqırımına həsr edilmiş sərgiyə baxış keçirib.
Rayon rəhbəri Xocalıdan olan sakinlərlə də görüşüb,problem və qayğıları ilə maraqlanıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu