Paytaxtda reklam özbaşınalığı - HANSI QURUM NƏZARƏT ETMƏLİDİR? 

Hazırda oxunan: Paytaxtda reklam özbaşınalığı - HANSI QURUM NƏZARƏT ETMƏLİDİR? 

121933

Öz dilinə hörmət etməyən və sevməyən insanın fəlakəti sadəcə dilin gözəlliyini görə bilməməklə bitmir. Belələri həm də dilin korlanmasına, ətrafda əcaib mənzərənin ortaya çıxmasına rəvac verir. Bakının müxtəlif yerlərində rast gəlinən reklamların çoxu ya xarici dildə olur ya da elə tərcümə olunur ki, Azərbaycan dilində heç bir məna kəsb etmir.

Bakının küçələrində gəzənlər özlərini hansısa xarici ölkədəymiş kimi hiss edə bilər, amma o ölkənin hansı olduğunu təxmin edə bilməz. Çünki şəhərdə fəaliyyət göstərən mağazalara, restoranlara elə adlar seçirlər ki, mənalarını heç özləri də bilmirlər.

Mütəxəssislər  problemin həlli üçün müxtəlif təkliflər irəli sürür. Hətta Azərbaycan Dövlət Reklam Agentliyi yaxın günlərdə Azərbaycan dilində reklam təqdim edənlər üçün təlimlər keçirməyi də planlaşdırıb.  

Agentliyin əməkdaşı Hüseyn Azəri Bizim.Media-ya məsələ ilə bağlı bunları deyib. “Reklam haqqında qanuna görə açıq məkanda reklamlar Azərbaycan dilində olmalıdır, amma xarici dildə olması da qadağan deyil. Xarici dildə olan mətn Azərbaycan dilindən sonra gəlməlidir və ölçüləri Azərbaycan dilində olan mətndən böyük ola bilməz. Amma Əqli Mülkiyyət Agentliyindən patent alan, qeydiyyatdan keçən şirkətlər var ki, öz adları necədirsə (beynəlxalq aləmdə tanınan şirkətlər) həmin adlarla reklamlarını yayımlaya bilərlər”.

Qeyd edək ki, qanunun tələblərinə görə, açıq məkanda reklam yerləşdirməzdən əvvəl Agentliyə müraciət olunmalıdır:

“Müraciətdən sonra Agentlik mətnlərin doğruluğuna, qanunauyğunluğuna baxır və icazə verir. Ancaq reallıq ondan ibarətdir ki, bir çox sahibkarlar restoran, ya mağaza açanda icazəni almazdan əvvəl öz istədiyi adı istifadə edir. Sahibkarlar bilməlidir ki, icazəsiz reklam yerləşdirənlər inzibati xətalar məcəlləsinə görə məsuliyyət daşıyırlar. Cərimələr 300 manardan 10 min manata kimi nəzərdə tutulub. Əvvəl sahibkara xəbərdarlıq olunur və yanlışı düzəltməsi üçün 5 gün vaxt verilir. Əgər səhvini düzəltməsə, iş məhkəməyə göndərilir və sahbkar cərimələnir”. 

H. Azəri onu da bildirib ki, Agentlik Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ilə birgə işçi qrupu yaradıb:

“İşçi qrupa Bakı şəhər İcra Hakimiyyətindən, Əqli Mülkiyyət Agentliyindən, Nəsimi adına Dilçilik İnstitutundan mütəxəssislər cəlb olunub. Məqsəd açıq məkanlarda olan reklamlarda “Dövlət dili haqqında” Qanunun  tələblərinin pozulmasının qarşısının alınması istiqamətində iş aparmaqdır. Dövlət Reklam Agentliyi ilə Monitorinq Mərkəzi arasında artıq müqavilə imzalanıb. Mərkəzin mütəxəssisləri reklamlarda Azərbaycan dilinin tətbiqi ilə bağlı təlimlər keçəcəklər. Gələn aydan həmin təlimlərə başlanılacaq”.  

“Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin icraçı katibi Cahid Həsənov Bizim.Media-ya bu sahədə olan problemlərdən danışıb:

“Bakının küçələrini gəzəndə reklamlara baxan adam özünü hansısa bir xarici ölkədə hiss edir. Açıq məkanda qoyulan reklamların mətnində əcnəbi sözlərdən çox istifadə olunur. Firamaların adı, brendlər hərfi tərcümə olunduğuna görə Azərbaycan dilinin qrammatikasına, ədəbi qaydalarına uyğun olmur və dilimizə mənfi təsir edir. Cümlə, fikir, isim, xəbər və s. heç biri yerində olmur.  Orta məktəb səviyyəli səhvlər edilir. Açıq məkan reklamlarına nəzarət Dövlət Reklam Agentliyinə həvalə olunub. Çox təəssüf ki, onlar da sadəcə yerləri təyin edir, passport verir və vergi yığırlar. Reklamların hansı formada olması, harada tərcümə olunması, mətnin doğru olub-olmamasına nəzarət edən yoxdur. Ümumiyyətlə, bu işlərə nəzarət edən bir qrum yoxdur.  Azərbaycan Reklam Şurası olmalıdır. Bu kimi hallara həmin şura nəzarət etməlidir. Dövlət Reklam Agentliyi bu nəzarəti edə bilmir. Etsə belə, televiziya, radio, təyyarə, qatar və.s digər qapalı məkanlar var ki, onlara kim nəzarət etməlidir?”.

C. Həsənov deyir ki, reklam mətnləri çox primitiv hazırlanır:

“Dilçilərimiz, yazıçılarımız, jurnalistlərimiz və s. bu işlə məşğul olmalıdır. Müvafiq Şura yaradılmalı, büdcəsi olmalıdır ki, peşəkar iş ortaya qoyulsun. Şirkətlər bəhanə edirlər ki, tərcümə edəndə, fikir itir. Hərfi tərcümə dilimizə qüsurlar gətirir.  Bəs, bu, necə olacaq? Brendlərin hərfi tərcüməsi yasaqlanmalıdır.  Restoran, kafelər, brend adlar hamısı, demək olar ki, ingilis dilindədir. Hətta Azərbaycanda sahibkar da əcnəbi dilində olan ada üstünlük verir. Bəhanə edirlər ki, Azərbaycan dilində ad qoyulanda, müştəri toplaya bilmirlər. Ona görə iş adamlarının 80 faizi əcnəbi adlara üstünlük verirlər. Bununla bağlı xüsusi qaydalar hazırlanmaldır. Əcnəbi dldə ad olar-ya olmaz, olarsa xüsusi izahı olmalıdır. Bu məsələ “Reklam haqqında” qanunda öz əksini tapıb, amma biz tərcümələri görmürük. Baxırsan, mağazadı guya hansısa İtaliyan adı qoyub. Amma İtaliyada bəlkə heç belə ad yoxdur. Onların adına uyğunlaşdırıb çox vaxt nəsə süni bir söz ortaya çıxarılar”. 

Ekspert deyir ki, gün ərzində dəfələrlə bu cür yanlış, yad sözlərdən ibarət reklamlarla rastlaşmaq dilimizə mənfi təsir edir. Belə ki, həmin sözlər gözəl, doğru Azərbaycan sözləri olmalıdır, çünki beyinlərə həkk olunur: 

“Reklam mətnlərinin doğruluğu və gözəlliyi ölkəmizə gələn minlərlə xarici vətəndaşların, fəaliyyət göstərənlərin, ən azından əlifba səviyyəsində dilimizi öyrənməsinə təsir edər. Məsələn, avtobusun üzərinə reklamlar vurulur. Onun mətninin şüuraltına necə təsir etdiyinə və s. heç  kim nəzarət etmir. Reklam vermək istəyən şirkətlər bir neçə nəfərin işlədiyi bir reklam şirkəti tapır. Hansıki tərcüməni, dizaynı və s. hamısını eyni adamlar edir. Onlar da tələsik bir şey düzəldib verirlər. Peşəkar insan axtarmırlar. Ona görə ki, o insana əlavə vəsait ödəmək istəmirlər. Halbuki peşəkarlar-dilçi alimlər, yazarlar bu işə cəlb olunsa, onlar da müəyyən qazanc əldə edərlər. Həm də dilimizin gözəlliyi ortaya çıxar. Dünyada bu işlər belə görülür. Şirkətlər dilçilərlə, yaxşı səsi olan, aparıcılarla, aktyorlarla müqavilələr bağlayır və işləyirlər. Biz də isə şirkətlər təcrid olunmuş halda, qapalı şəkildə işləyirlər. Kifayət qədər məbləği reklam yayıcısına verir və onlar da bütün işləri özləri həll edirlər. Buna görə də ortaya belə əcaib mənzərə çıxır”. 

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin