Vidadi Muradovla bağlı 2 ildir bitməyən MƏHKƏMƏ İŞİ – 30 milyonluq əmlakın aqibəti necə olacaq?

Hazırda oxunan: Vidadi Muradovla bağlı 2 ildir bitməyən MƏHKƏMƏ İŞİ – 30 milyonluq əmlakın aqibəti necə olacaq?

121917

“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradovun məhkəməsi artıq iki ildən çoxdur ki, davam edir. Külli miqdarda mənimsəmə ittihamı ilə həbs olunmuş Muradov vəfat etsə də, onun 30 milyon manatlıq əmlkalarının aqibəti ilə bağlı məhkəmə çəkişmələri hələ də yekunlaşmayıb. 

Son olaraq, cinayət işi banka girov qoyulmuş əmlaklarla bağlı hissədə yenidən araşdırılıb. Bakı Apellyasiya Məhkəməsində yenidən baxılan iş üzrə əvvəlki qərar dəyişməyib. Yəni, həmin əmlakların xüsusi müsadirəsi ilə bağlı qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.

Bizim.Media Vidadi Muradovla bağlı məhkəmə işində bu günə qədər baş verənləri araşdırıb:

Vidadi Muradov 9 yanvar 2021-ci ildə "Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunub.

O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub.

Lakin barəsində həbs qətimkan tədbiri seçilmiş sabiq sədr oktyarbın 31-də onkoloji xəstəliyi səbəbindən ev dustaqlığına buraxılıb. Vidadi Muradov 2021-ci il noyabrın 5-də ev dustaqlığında vəfat edib.

Bundan sonra cinayət işi üzrə onun həyat yoldaşı hüquqi varis kimi tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Muradov barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Bundan başqa, təqsirləndirilən şəxsin özünə və yaxınlarına məxsus 30 milyon manatlıq əmlakı müsadirə olunub.

Məhkəmənin sonrakı gedişatında çəkişmənin əsas predmeti məhz müsadirə olunan əmlakların aqibəti ilə bağlıdır. 

2022-ci il yanvarın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı Vüqar Quliyev çıxış edərək, 30 milyonluq vəsaitin vergi orqanlarına ödənilməsini istəyib. Yanvarın 28-də baş tutan məhkəmə iclasında verilən hökmdə isə qeyd olunub ki, cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti tərəfindən qaldırılmış 640 min 922 manat məbləğində mülki iddia təmin edilməli, həmin məbləğ dövlət büdcəsinə köçürülməlidir.

Aprelin 29-da həmin qərarla bağlı V.Muradovun hüquqi varisinin Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş hökmdən şikayətinə baxılıb. Bakı Apellyasiya Məhkəməsi isə şikayəti rədd edərək, hökmü qüvvədə saxlayıb. 

Ötən il iyunun 29-da Vidadi Muradovun hüquqi varisi Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib. Müraciətdə V.Muradov barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi və ona məxsus 30 milyon manatlıq əmlakın üzərindən həbsin götürülməsi istənilib.
Kassasiya şikayətinə oktyabrın 29-da Ali Məhkəmədə baxılıb. Şikayət qismən təmin edilib və Vidadi Muradovun cinayət işi ilə bağlı banka girov qoyulmuş əmlaklar hissəsində qərar ləğv edilərək, yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. Qərarın qalan hissələri isə qüvvədə saxlanılıb.

Lakin fevralın 21-də isə Bakı Apellyasiya Məhkəməsində yenidən baxılan iş üzrə əvvəlki qərar dəyişməyib. Həmin əmlakların xüsusi müsadirəsi ilə bağlı qərar qüvvədə saxlanılıb.

Göründüyü kimi, Vidadi Muradovla bağlı məhkəmə işinin 2 ildən çoxdur davam etməsinə, müttəhimin vəfat etməsinə baxmayaraq proses hələ də davam edir...

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin