Universitetlərdən ana dilimizə HÖRMƏTSİZLİK – Komissiya yaradılması TƏKLİF olundu

Hazırda oxunan: Universitetlərdən ana dilimizə HÖRMƏTSİZLİK – Komissiya yaradılması TƏKLİF olundu

121743

21 Fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Azərbaycanda da bu günün xüsusi özəlliyi var. Ana dilimiz mənəviyyatımız, bu günümüz və sabahımızdır. İstənilən sahədə biliklərə doğma dildə yiyələnmək və istifadə etmək prioritet olmalıdır.

Dərslik şagirdlərin və tələbələrin əsas tədris vasaiti, bilik mənbəyi hesab olunur. Dərsliklər asan və anlaşılan dildə yazılmalı, sadə cümlələrdən istifadə olunmalı, dil qaydalarına düzgün əməl edilməli, ən başlıcası isə ibtidai və yuxarı siniflərin yaş səviyyəsi nəzərə alınmalıdır.

Təssüf ki, Azərbaycanda bu qaydalara nəinki əməl olunur, üstəlik doğma dildə dərs vəsaitləri tapılmır. Xüsusilə ali təhsil ocaqlarında bu problem illərdir ki, həll olunmamış qalır. Bu gün də tələbələr ana dilində dərs vəsaitlərinin olmamasından gileylənir.
Digər problem isə yerli müəlliflərin yazdığı dərsliklərin keyfiyyətsiz olması və əksər hissəsinin plagiat olmasıdır.

Təhsil üzrə ekspert Elçin Əfəndi Bizim.Media-ya açıqlamasında bildirib ki, tələbələri ana dilində dərs vəsaitləri ilə təmin etmək üçün Elm və Təhsil Nazirliyi, eləcə də Təhsil İnstitutu tərəfindən komissiya yaradılmalıdır:

“Komissiya müvafiq təhsil ocaqlarında tədris aparılan ixtisaslar üzrə lazım olan ədəbiyyat siyahılarını götürərək, o vəsaitlərin dilimizə tərcümə olunması və doğma dildə nəşr olunmasını həyata keçimətlidir ki, bu, çətin proses deyil.

Təhsil üçün dövlət büdcəsindən vəsait ayrılıb. O vəsaitin müəəyyən hissəsini bu istiqamətdə xərcləmək olar. Eyni zamanda universitetlərin özləri də bu məsələdə maraqlı olmalıdır. Universitetlərin öz gəlirləri hesabına müəyyən nəşriyyat və mətbəə yaratmaq mümkündür  ki, məhz öz təhsil müəssisələrində lazım olan ədəbiyyat siyahılarını tərcümə və nəşr edə, hətta satışını təşkil edə bilərlər.

Zatən Azərbaycan tələbəsi müəyyən ödəniş qarşılığında xarici dildə olan hər hansı bir vəsaiti əldə edir. Həmin ödənişi doğma dildə olan vəsaitə ürəklə ödəyə bilər və öz ixtisasını daha mükəmməl öyrənə bilər.
Sadəcə problemin həllinə maraqlı olan tərəflər olmalıdır. Düzdür, Təhsil İnstitutunda bu istiqamətdə müəyyən işlər görülür. Amma ali təhsil ocaqlarının özləri də bu məsələyə təşəbbüs göstərə bilərlər”.

Ekspertin sözlərinə görə ana dilində dərslik problemi orta ümumtəhsil müəssislərində də problem olaraq qalır:

“Dərsliklərin hazırlanmasında Nazirlər Kabinetinin müvafiq qərarı nəzərə alınmalıdır. Dərsliklərdə təqdim olunan müəyyən informasiyalar ana dilində, şagirdin anlaya biləcəyi dildə verilməlidir. Elmi, akademik, yüksək dil əsasında mətnlərin hazırlanmasına üstünlük verməməliyik. Şagird onu oxuduğu zaman daha aydın qavramalıdır.

Yuxarı təhsil pilləsində ana dilində dərslik çatışmazlığı problemini hər il görürük. İstər subbakalavr və bakalavrlar, eləcə də magistrlar müvafiq olaraq ana dilində müəyyən istiqamət üzrə vəsaitlərin olmamasından şikayətlənirlər. Onlar haqlıdırlar.

Tələbələr vəsaitləri ya rus, ya ingilis, ya da türk dilində tapırlar. Bu da onlar üçün çətinlik törədir. Hesab edirəm ki, sözügedən problemin həlli mümkündür, sadəcə buna maraq göstərənlər yoxdur. Yeri gəlmişkən, bu gün Beynəlxalq Ana dili günüdür.
Öz dilimizə hörmətlə yanaşmalı, doğma dilimizin zənginləşməsinə çalışmalıyıq. Bunu hər bir fərd bacarmalıdır və müəyyən qədər dilimizi qorumağı bacarmalıyıq. Dərs vəsaitlərinin hazırlanmasında isə ilk növbədə doğma dilimizə üstünlük verilməlidir”.

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin