“Birinə təzim edirik, quyruq bulayırıq, o birinin haqqını tapdalayırıq...”x9d

Hazırda oxunan: “Birinə təzim edirik, quyruq bulayırıq, o birinin haqqını tapdalayırıq...”x9d

121651
Dost - tanış zəng vurub deyir ki, şair, xeyir ola, son vaxtlar daha çox ölümdən yazırsan...

Yox, mən ölümdən yazmıram, həyatdan yazıram. Neynim ki, bu həyatın içində ölüm də var...Kasıba deyirlər, gözün aydın, yeganə oğlun Vətən uğrunda şəhid oldu!..Varlıya deyirlər, tək oğlun var, vəziyyət qarışıqdır, onu qoru, göndər getsin xaricə...Onu da deyən mənim millətimdir, bunu da deyən özümüzünkülərdir...Sonra da şikayətlənirik ki, dünya ədalətsiz dünyadır, söhbət Azərbaycan həqiqətlərindən düşəndə ikili standartlar tətbiq olunur...Bəs bizim öz içimizdə, öz övladlarımıza qarşı ikili standartı, ikili münasibəti görmürsünüz?xa0

Böyükləri başa düşürük, biri nazirdir, biri icra başçısıdir, biri bazarkomdur, o biri də, tutaq ki, müəllimdir, həkimdir. Hərəyə öz boy - buxununa, pul kisəsinə, ləhcəsinə, pasportuna görə münasibət göstəririk. Birinə təzim edirik, quyruq bulayırıq, o birinin haqqını tapdalayırıq...Bu gənclərin isə hec bir vəzifəsi, imtiyazı yoxdur. Hamısının bir adı var: 18 yaşlı Vətən övladı, Azərbaycan vətəndaşı...Bəs niyə biri səngərdə yatmalıdır, o biri yumşaq yorğan - döşəkdə? Niyə birinin Azərbaycan bayrağına bükülmüş cənazəsi gətirilməlidir, o birinin sosial şəbəkələrdə qudurğanlıq şəkilləri yayılmalıdır? Millətimiz, xalqımız üçün Vətən torpağında Azərbaycan bayrağına bükülən gənclərlə, xaricdə bayağı "Bakılı balasıyam" mahnısının sədaları altında rəqs edən gənclərin fərqi yoxdurmu? Boy - buxunu, yaşı eyni olan iki gənc...birini soyuq məzar gözləyir, o birini yumuşaq kreslo, yağlı vəzifə...

Mən, əlbəttə, ölkə başçısının köməkçisi deyiləm, heç bir səlahiyyətim yoxdur...Amma qələm adamıyam, vətəndaşam, seçiciyəm...Möhtərəm Prezidentə səs vermişəm, indi də təklif göndərirəm...Bəlkə, islahatlara elə bundan başlayaq? Hər bir vəzifə sahibi öz əziz - xələf oğlunun qulağından yapışıb aparıb təhvil versin səngərdəki generallara. Bu məsələdə heç kəsə güzəşt olunmasın, imtiyaz verilməsin. Bu, həm də oliqarxların, deputatların, yüksək vəzifə daşıyanların vətənpərvərlik testi olar. Siz də onları tanıyarsınız, biz də...Görək bu çağırışdan nə yaranacaq...kiçik bir dəstə, yoxsa batalyon?..Onlar çoxdular, lap çox...Bəlkə də böyük bir ordu yarandı...

Mən heç kəsin, xüsusilə gənc bir adamın ölümünü arzulamıram...Amma böyük bir nazirə şəhid oğlunun müqəddəs Azərbaycan bayrağına bürünməsi münasibətilə məmnunuyyətlə gözaydınlığı verərdim...Bu şəhidlik cəmiyyətimizdə bərabərlik yaradılmasına, vəzifə sahibləri ilə xalq arasında uçurumun aradan qaldırılmasına, xalqımızın sabaha inamının artırılmasına layiqli töhfə olardı...

Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin