Ötən gecə Xəzər rayonu, Türkan qəsəbəsinin ərazisində yerləşən daş karxanalarından birində atışma olub.
Qəsəbə sakini Samir Seyidi oğlu Quliyev daş karxanasına gələrək oradakı fəhlələrə odlu silahla hücum edib. 2 fəhlə qaçıb canını qurtara bilsə də, digər 2 fəhlə odlu silahla təhdid olunaraq vəhşicəsinə döyülüb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda qadına qarşı zorakılıq edən polis işdən çıxarıldı - RƏSMİ
Bizim.Media xəbər verir ki, Samir Quliyev daş karxanasının mərhum əmisi Rəşid İslam oğlu Quliyevə məxsus olduğunu iddia edib. Deyib ki, onun həyat yoldaşı Nəzakət Quliyeva karxananı ona verməlidir. Əks halda Nəzakət Quliyevanı öldürəcək.
Döyülən fəhlələrdən biri Ələkbər Qardaş oğlu Qurbanovun sözlərinə görə, Samir gecə 4-də karxanaya Az 90 TT 915 nömrə nişanlı “Niva” markalı maşınla gəlib. Sükan arxasından düşən Samirin yanında bir nəfər də olub.
Samir Quliyev maşından düşəndən sonra onlara tərəf bir neçə dəfə atəş açıb. Onları öldürəcəyi ilə hədələyib.
Samirin yanında fəhlələrin tanımadığı 1 nəfər də olub. 2 fəhlə qaçıb canını qurtarsa da, Ələkbər Qurbanovla Əfsər Tahirov ərazidən uzaqlaşmağa imkan tapmayıblar. Samir Ələkbər Qurbanovun üz nahiyəsinə tüfəngin qundağı ilə zərbə endirib. Əfsər Tahirovun üz nahiyəsinə vurulan zərbədən dişləri tökülüb.
Əvvəllər dəfələrlə məhkum olunmuş Samir Quliyev karxanadakı otaqdan 850 manat pul və telefonları götürərək fəhlələrə Nəzakət Quliyevanı öldürəcəyini bildirməklə ərazini tərk edib.
Xəzər Rayon Prokurorluğundan bildiriblər ki, hazırda hər iki şəxsin tutulması üçün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Bizim.Media