...Yaxasına deputat nişanı taxılmış pencəyini geyinib qapıdan çıxanda geri dönüb arvadına səsləndi:
- Ordan bir paçka pul ver mənə...
- Dollar, yevro, funt sterlinq, yoxsa manat paçkası? Hələ o vaxtdan beş - on paçka rublumuz da qalıb...
- Aaz, indi rublun üzünə baxan var, onları ver qonşunun uşaqları oynatsınlar. Mənə də manat paçkası gətir, amma tez elə, Milli Məclisə gecikirəm...
- Manat paçkasını neynirsən? Olmaya, mənimçün hədiyyə alacaqsan?
- Xeyir ola? Ad günündür?
- Yox eyy, nə ad günü, sevgililər günüdür...
- Sevgililər günündən sənə nə?
- Necə yəni sənə nə...Səni sevirəm, deyib, hər gün yastığımın üzərinə qızıl gül ləçəkləri səpən sən deyildin? Mənə yazdığın şeirlər yadından çıxıb?
Mənim qəlbimdəki sağalmaz yara,
Sənsə alışmısan, yenə yanırsan...
Özün de, mən necə baxım qızlara?
Axı, gözlərimdən sən boylanırsan...
Bu şeiri sən yazmamısan? Yoxsa indi gözlərindən ayrı xanım boylanır?
- Bu, Nuh əyyamından qalma söhbətdir. Mən səni sevə bilmərəm. Mənim məhəbbətimin ünvanı çoxdan dəyişib...
- Nə danışırsan, a kişi? Bu müqəddəs Valentin günündə budur mənə hədiyyən? De görüm kimə vurulmusan, bu saat gedib onun saçlarını yolmasam, heç atamın qızı deyiləm...
- Qulaq as, əsəbiləşmə... Mən istəsəm də səni sevə bilmərəm. Bunu mənə qadağan eləyiblər e, başa düş...
- Necə yəni qadağan eləyiblər? Sevgiyə də qadağa qoyular?
- Dayan, mən səni başa salım...Bax, sən kimsən? Evdar qadın. Atan fəhlə olub, anan kolxozçu. Deməli, sən sadə xalqın nümayəndəsisən...
- Hə, nə olsun...
- Dayan, sözümü kəsmə...Bəs mən kiməm? Düz iyirmi ilin deputatı...Deputatın nə ixtiyarı var ki, sadə xalqı, onun nümayəndəsini sevsin? Xalqı sevməyi bizə qadağan eləyiblər, əzizim...
- Bəs bayaq deyirdin məhəbbətimin ünvanı çoxdan dəyişib, o qadın xalqın nümayəndəsi deyil?..
- Ürəyini buz kimi saxla...Mənim sevdiyim, illərdir qəlbimə hakim kəsilən qadın deyil...
- Bıyy, başıma xeyir, kişidir?!. Olmaya, sən də o mavi deyirlər, nə deyirlər, olardansan?..
- Yox, narahat olma, kişi də deyil...Əşyadır...yumuşaq bir əşya. Düz iyirmi ildir mən sənin yerinə ona sığal çəkirəm. Sevgilimin adı da Kreslodur. Deputat kreslosu...
Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist






























































































