Dünya rekordçusu Azərbaycan prezidentindən dəstək istəyir

Hazırda oxunan: Dünya rekordçusu Azərbaycan prezidentindən dəstək istəyir

121224
İmza atdığı rekordlar görə tanınan üzgüçü Alper Sunaçoğlu final dediyi son dünya rekordu ilə idman həyatına son qoyacağını bildirib.

Alper Sunaçoğlu əvvəlcə Türkiyə ilə Quzey Kıbrıs Türk Cümhuriyyəti arasında 78 km məsafəni non-stop-26 saat 15 dəqiqə müddətdə Üzgüçülük Federasiyası hakimləri nəzarətində üzərək rekord qırıb. Daha sonra isə İstanbul Boğazını, Dardanel boğazını başdan-başa üzən ilk idmançı adını alıb. Bu uğurlardan sonra dünya rekordu sayıla biləcək bir məsafəni, Türkiyə ilə Suriya arasında 320 km-i 125 saat (5 gün) müddətdə üzərək suda ən uzun qalma və ən uzun məsafəyə üzmə rekordlarına imza atıb. 

İdmançı bu dəfə 28 may Respublika Günü ərəfəsində Azərbaycan ilə Türkmənistan arasında 280 km məsafə üzərək Ginnesin Rekordlar Kitabına düşmək istəyir. İdmançı bunu, həmçinin "7 DÖVLƏT, TƏK MİLLƏT”x9d deyərək böyük Türk Birliyinin,  dünyadakı Türklərin böyüklüyünə, eləcə də türklərin dünya miqyasında yaşadığı etnik və regional problemlərə diqqət çəkmək üçün edəcəyini bildirib.

Alper Sunaçoğlu rekord sınaqla bağlı çətinlikləri olduğunu da vurğulayır və bu rekord sınağı üçün 3 dövlətdən-Azərbaycan, Türkmənistan və Türkiyədən rəsmi qaydalar məsələsində ona dəstək durmalarını xahiş edir. Ümid edir ki, bu məsələyə prezident, baş nazir və Xarici İşlər Nazirliyi səviyyəsində həssaslıq göstəriləcək. 

Qeyd edək ki, Alper Sunaçoğlu az əvvəl də Egey dənizindəki Yunanıstanla problemli olan Bulamaç Adasına üzərək adaya Türk bayrağını sancıb.

Dünya rekordçusu Alper Sunacoğlu Moderator.az-ın suallarını cavablandırıb. 

- Alpər bəy, Xəzər dənizində Azərbaycan və Türkmənistan arası məsafəni üzərək yeni rekorda imza atmaq istəyirsiniz. Bunun üçün sizə hansı dəstək lazımdır? 

- Azərbaycan və Türkmənistan dövlət adamlarının layihəmizə dəstək çıxmasını istəyirik. Tək ehtıyacımız Xəzər dənizində bizi müşayiət edəcək gəmidir. Bundan başqa istəyimiz yoxdur. Azərbaycan bunu təmin etsin, başqa heç nə istəmirik. 

Mənim bir şüarım var və xahiş edirəm ki, bunu mütləq qeyd edəsiniz, imperialistlərin Yaxın Şərqdəki ən böyük qorxusu Türk Birliyidir. Və mən də bu rekorda Türk Birliyi adına imza atmaq istəyirəm. Azərbaycan və Türkmənistan dövlət başçıları dəstək verərsə, inşallah, 28 mayda Azərbaycanda olaram.

- İstərdik ki, özünüz haqqında bir qədər məlumat verəsiniz. Üzgüçülüyə bu qədər marağınıza kim və ya nə səbəb oldu? 

- Türkiyənin olimpiadalara gedən ilk idmançısı rəhmətlik Ayhan Karataşın sayəsində idmanın üzgüçülük növü ilə tanış oldum. 6 yaşından bəri üzürəm və fəal idmanla məşğulam. Bir çox rekorda və müvəffəqiyyətə imza atmışam. Qazandığım uğurların sayını belə unutmuşam. 

- Siz də kim üçünsə Ayhan Karataş oldunuzmu və ya olmağı düşünürsünüzmü?

- Ayhan Karataş türk üzgüçülük tarixində 100 metri 60 dəqiqədə üzən ilk idmançıdır. Mən isə türk üzgüçülük tarixində ən uzun məsafə qət edən və ən çox suda qala bilən bir idmançıyam. Hesab edirəm ki,  buynuz qulağı keçib. 

- Tələbələriniz varmı? 

- Xəzər dənizini üzərək aktiv idman həyatımı başa çatdıracağam.  Artıq mən də yeni üzgüçülər yetişdirmək üçün məktəb açacağam. Bu ana qədər tələbəm yoxdur. Düzdür, bir çox adama üzgüçülük öyrətmişəm, bir çox insanı dənizdə boğulmaqdan xilas etmişəm. Amma hələ  ki, məşhur bir üzgüçü yetişdirməmişəm. Məktəbi açanda, inşallah, yeni üzgüçülər yetişdirəcəyəm.

- Bir film var-"Afibiya adam". O filmi izləmisinizmi? İzləmisinizsə, elə bir həyat yaşamağı arzu etmisinizmi heç? 

- İzləməmişəm. Amma onu deyim ki, özümü kiməsə bənzətməmişəm, həmişə özüm olmağa çalışmışam. Türk tarixindəki qəhrəmanları təqib edib, izləyib-oxumuşam. İndi dənizdə yaxşı, uğurlu bir üzgüçü, quruda isə işində-gücündə uğurlu iş adamıyam. Həqiqətim budur.

- Həkimlər hər zaman üzgüçülüyün həm də tibbi cəhətdən çox xeyirli idman növü olduğunu deyirlər. Üzməyin sağlamlıq üçün nə kimi xeyirli və zərərli tərəfləri var? 

- Üzgüçülük idmanında bədəndəki bütün əzələ qrupları çalışır. O mənada üzgüçülük möcüzəvi və faydalı bir idman növüdür. Suyun da reabilitasiya təsirləri sübut olunub. Ona görə də həm reabilitasiya, həm də idman dedikdə üzgüçülük ağla gələn ilk idman növüdür. 

- Üzgüçülüyə ilk başlayanlara nə kimi tövsiyələriniz verərdiniz? Mütləq diqqət etmələri gərəkən həssas məqamlar hansılardır? 

- Üzməyə ilk başlayanlar əvvəlcə yaxşı bir təlimçi nəzarətində təhsil almalıdırlar. Təlimçinin səhvi üzündən sudan qorxan uşaqlar var. Üzgüçülüklə məşğul olmaq istəyənlər suda əsla zarafat etməməlidirlər. Üzgüçülüyü öyrəndikdən sonra da heç vaxt dənizdə sahildə uzaqlaşmadan üzmələrini tövsiyə edirəm. 

- Alper bəy, hər hansı bir nəqliyyat vasitəsi ilə uzaq məsafə qət edərkən zamanın tez keçməsi üçün kitab oxuyuruq, müsiqi dinləyirik, xəyallara dalırıq. Uzaq bir məsafəyə üzən birinin də belə bir imkanları olurmu? 

- Olmaz olarmı? Uşaqlığından bu günə qədər yaşadığın hər şeyi düşünməyə vaxtın olur. Ucsuz-bucaqsız dənizdə təkbaşına getdiyinizi təsəvvür edin. Hətta bir insanın bir ayda oxuya biləcəyi duaları oxumaq, Allahı içində, yanında hiss etmə imkanları belə olur. 

- Azərbaycan sizin üçün haradır, Azərbaycan deyərkən ilk ağlınıza nə gəlir? 

- Azərbaycan mənim ikinci vətənim kimidir, Türkmənistan da eləcə. Bizlər eyni soydan gələn tək millət, 7 dövlətik. Bu layihəni sadəcə Türk və Azəri birliyinin fərqliliyini göstərmək üçün etmək istəyirəm. Mən həyatım boyu özümü əsgər kimi gördüm, idmana bir növ səfərbərlik kimi baxdım. Uğurlarımı bəlkə də buna borcluyam.

- İdman həyatınızdakı kimi kimi iş həyatınızda da uğur qazana bilmisinizmi? 

- Mən Türkiyənin ən gənc yaşda A dərəcəli gömrük müşaviri sənədi ala bilmişəm və məsləyimlə məşğulam. Uğurun önündəki tək maneə siyasi kimliyim. Türk və Millətçi olmağım bəzən daha çox uğur qazanmağıma əngəl yaradır.

- Siyasi baxışlarınıza görə qarşılaşdığınız əngəlləri saymasaq, özünüzü xoşbəxt və şanslı kişi hesab edirsinizmi? 

- Türk olmaq mənim ən böyük üstünlüyümdür.  Sağlamam, idmançıyam, peşəm var. Həyat yaxşı-pis, xoşbəxt, bədbəxt günlərin toplamından ibarətdir. Ümumi mənada xoşbəxtəm və bunun üçün Allaha həmişə şükr edirəm. 

- Bildiyim qədər subaysınız və hələ övladınız yoxdur. Gələcəkdə özünüz kimi idman və ya elm sahəsində uğurlara imza atan bir övladınızın olmasını istərdinizmi?

- Bunu hər kəs istər, arzu edər. 

- Səmimi cavablarınız üçün təşəkkür edirəm. İnşallah, Azərbaycanda görüşmək qismət olar. 

- Mən təşəkkür edirəm. Ümid edirəm ki, səsimizi eşidəcəklər.

Rumiyyə MİRASLAN
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin