Qəbələdə dəm qazından zəhərlənən bir nəfər ölüb, digəri xəstəxanada ağır vəziyyətdədir.
Ötən axşam Qəbələnin Vəndam qəsəbəsində mənzillərdən birində dəm qazından zəhərlənmə hadisəsi baş verib. Bir nəfər hamam otağında keçinib, digəri ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktı Bizim.Media-nın yerli bürosuna DİN-in Şəki regional qrupundan təsdiqləyiblər.
Aparılan ilkin araşdırmalarla məlum olub ki, Sumqayıt şəhər sakini, 39 yaşlı Ziya İbrahimov və Şamaxı şəhər sakini, 31 yaşlı Türanə Abdullayeva Vəndam qəsəbəsində mənzil kirayələyiblər.
Bu gün səhər saatlarında hər iki şəxs mənzilin hamam otağında aşkar edilib. Hadisə yerinə həkim briqaası çağrılıb və məlum olub ki, Ziya İbrahimov dəm qazından zəhərlənərək ölüb.
Türanə Abdullayeva isə ağır vəziyyətdə Qəbələ Diaqnostika mərkəzinə yerləşdirilib.
Faktla bağlı rayon hüquq-mühafiz orqanları tərəfindən araşdırma aparılır. Təhqiqat başa çatandan sonra hadisənin necə baş verdiyi bəlli olacaq.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu