Ötən gün şimal bölgəsində 6 nəfərin ölümünə,12 nəfərin yaralanmasına səbəb olan 2 dəhşətli qəza baş verib.
Qəzalardan biri səhər saat 7:40 radələrində "Mersedes" markalı avtomaşınla "Opel Astra"nın toqquşması ilə baş verib. Nəticədə DİM xəttilə imtahan verib Siyəzən rayonunun Məşrif kənd məktəbində müəllim işləyən Aygün İsmayılova, Aygün Vəliyeva və Siyəzən sakini olan sürücünün anası, 46 yaşlı Qənimət Salahova dünyalarını dəyişib.
Yeddi nəfər, o cümlədən daha 5 müəllim isə xəsarət alıb.
Axşam saatlarında ikinci dəhşətli yol nəqliyyat hadisəsi Xaçmazın Xudat şəhərində qeydə alınıb. "Mercedes-E-240" ilə "Hyundai Santafe" markalı avtomaşının toqquşması nəticəsində 3 nəfər hadisə yerində ölüb.
"Mercedes"in sürücüsü, 42 yaşlı İslam Seyidoğlu sərnişinləri -həmkəndlisi, 41 yaşlı Nizami Vahidov və Xudat şəhər sakini, 37 yaşlı Elmar Rəmiyev bu qəzada həyatlarını itiriblər.
"Hyundai Santafe" markalı avtomaşının sürücüsü, 37 yaşlı Araz Babayev və 4 sərnişini isə müxtəlf xəsarətlərlə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Statistika doğrudan da dəhşətlidir. Bir gündə 6 ölü,12 yaralı.
Bəs qəzalara səbəb nədir?
Hər iki qəza ilə bağlı polis şöbələrində Cinayət Məcəlləsinin 263.3 maddəsi ilə (2 və daha çox şəxsin ölümünə səbəb olma) cinayət işi açılıb.
Hər iki qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib. Ekspertizanın rəyi qəzaların səbəbini müəyyən edəcək.
Araşdırmamız nəticəsində müəyyən etdik ki, hər iki qəza buz bağlamış yolda qeydə alınıb.
Siyəzən-Beşdam yolu intensiv hərəkət yolu olmadığından səhər tezdən bu yoldan istifadə edən sürücülər yolun sürüşkən olduğunun fərqinə varmayıblar.
Siyəzən rayon İcra Hakimiyyətindən məlumat verilib ki, Beşdam yolu elə də buzlu olmayıb.
Sürücülər yol təhlükəsizliyi qaydalarına əməl etməyiblər. Təbii ki, avtotexniki ekspertiza qəzanın başvermə səbəbini tam müəyyən edəcək.
Xudatdakı qəza ilə bağlı da eyni fikirlər bildirilir.
Görünən odur ki, 6 sakinimiz mənzil başına salamat çata bilmədi.
Sürücülərə isə bir vətəndaş kimi müraciətim budur ki,yollarda həm özünüzün, həm də sərnişinlərinizin həyatını təhlükəyə atmayın.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu