“Müşahidələrim onu göstərir ki, hansısa qüvvələr məqsədyönlü şəkildə, yaxud da bilmədən COVİD-19 yayılmasında rol oynayırlar. Bu qüvvələr kimlərdir, doğrusu bilmirəm, ancaq əlamətlərini söyləmək mümkündür”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa “Facebook”dakı paylaşımında qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
''Suyun qiyməti ilə bağlı doğru izah verilməlidir'' - Fazil Mustafa
Deputat metronun bağlı qalmasına münasibət bildirib. Qeyd edib ki, nəqliyyatdakı sıxlıq virusun yayılmasına münbit şərait yaradır. Şəraiti yüngülləşdirəcək tək alternativ vasitə metro olduğuna görə onun açılması məqsədəuyğun sayılmır:
“Metronu aylardır bağlı saxlayanlar. Təsəvvür edin ki, metro bağlı qalır, ancaq iş yerləri açıqdır. Adamlar iş yerlərinə getmək üçün hamısı şəxsi minik avtomobilinə sahib deyillər. O halda çox sayda vətəndaş doluşur tək ictimai nəqliyyat vasitəsi olan avtobuslara".
"Bakı Nəqliyyat Agentliyini də qınamalı deyil, bu avtobusların sayını nə qədər artırsa da yenə də tələbatı ödəmək mümkün deyil".
"Yollarda çox avtobusun olması həm də tıxacın çox olması deməkdir. Çünki ayrıca avtobus yolu düşünülməyib”.
Deputatın sözlərinə görə, supermarketlərdə, iri ticarət müəssisələrində, kafelərdə, restoranlarda tünlük içində virusa yoluxmaq riski daha böyükdür. Lakin heç bir ciddi yoluxma təhlükəsi olmayan idman zallarında, fitnes salonlarında qapalı rejim hələ də saxlanmaqdadı:
“Kimlərsə insanların immuniteti gücləndirmək yolu ilə sağlamlığını qorumasını istəmir və inadla bu yerləri bağlı saxlayır”
O bildirib ki, toyların zəruri məhdudiyyət şərtləri ilə keçirilməsinə icazə verilməməsi də müəmmalı bir yanaşmadı.
“Hər gün Bakının istənilən Makdonals, Mado və s. kimi iaşə məkanlarına diqqət yetirin, saatlarla yüzlərlə insan həm masa arxasında, həm də yemək növbəsində bir-birinə yaxın məsafədə olurlarsa, o halda toylarda sağlamlıq təhlükəsizliyinə əməl etmək daha rahat deyilmi?”-deyə o vurğulayıb.
Millət vəkilinin fikrincə, vaksinasiyanın zəruriliyi ilə bağlı inandırma prosesi laqeydləşdirmə prosesinə çevrilib və insanlarda hansısa kütləvi həssaslığı sezmək mümkün olmur:
“Sanki vaksinlərin də geniş şəkildə vurulmasını kimlərsə istəmir və xəstəliklə bağlı qeyri-müəyyənliyin qalmasına daha çox maraqlıdırlar. Məlumat alırıq ki, mart ayında yeni dalğanın gəlməsi mümkündür".
"Bu barədə susmaq da virusun yeni dalğasına hazırlıqsız yaxalanmamıza rəvac verən hərəkətsizlik aktı kimi anlaşıla bilər”.
Bizim.Media