"Qardaşımdan xəbər tuta bilməməyimiz ailəmizdə böyük faciələrə yol açdı. Anam ondan dərhal sonra infarkt olub vəfat etdi. Xeyli axtarışdan sonra əsirlikdən geri alınan Qaradağlı sakinləri dedi ki, onu digər insanlarla bərabər kolxozun silos quyusuna yığıb qətlə yetiriblər. Ermənilər həmin gün əsir düşmüş insanlara amansız ingəncələr verib. Bunu eşidib dözmək çox çətindir. Ziyarət etməyə məzarı, geridə qalan bir nişanəsi yoxdur. Tək təsəlli yerimiz onun şəkilləridir".
Bu sözləri Bizim.Media-nın Qarabağ bürosuna şəhid Həsən Əlişovun qardaşı Əlisahib Yusubov deyib.
O, Ağdam rayonunda pedaqoji fəaliyyət göstərir. Əslən Ağdam rayonunun Qızıllı Kəngərli kəndindən olan həmsöhbətimiz bildirdi ki, Qaradağlı faciəsi baş verəndə onun 14 yaşı olub.
Qardaşı isə həmin dövrdə Qaradağlıya köməyə getmiş Ağdamlı polis nəfərlərindən biri olub.
1969-cu il 4 aprel tarixində Ağdam rayonunun Qızıllı Kəngərli kəndində anadan olan şəhid Həsən Sədaqət oğlu Əlişov sovet ordusunda həqiqi hərbi xidməti bitirərək kəndə qayıdıb. Ancaq erməni vandallarının Qarabağda başlatdığı silahlı münaqişəni eşidən kimi amon dəstələrinə qoşularaq torpaqların müdafiəsinə qalxıb. Bir neçə cəbhədə cəsurluqla döyüşən Həsənin son döyüşü məhz elə Qaradağlı kəndində olub.
"Onların bölməsi Şah bulaqdaydı. Yeni ailə quran bacımın evinə qonaq çağrılmışdıq. Dayım Həsəni götürüb gəlsə də o, həmin ziyafətdə on dəqiqə oturdu və Xocavənd rayonunun kəndlərində vəziyyətin pis olduğu deyib getdi. Bizimlə sonuncu görüşü həmin gün oldu. Sonra isə faciə xəbərini eşitdik" – deyə Ə.Yusifov qeyd edib.
Həsən Əlişov kənd sakinləri ilə birgə uzun müddət düşmən hücumunun qarşısını almaq üçün döyüşüb. Lakin qeyri-bərabər döyüşdə sursatın tükənməsi demək olar ki, müdafiə qabiliyyətini aşağı salıb.
Şəhid qardaşının sözlərinə görə, bundan sonra onlar əhalini xilas etmək qərarına gəliblər:
"Qardaşım və onun az sayda olan silahdaşları əhalini dağ-meşə massivi ilə kənddən çıxarmağa cəhd ediblər. Lakin düşmənin mühasirəsi və yol boyu yaratdığı pusqular planı alt-üst edib. Bundan sonra kəndə qayıdıb hər şeyi talehin hökmünə buraxıblar. Şahidlər deyir ki, ermənilər kəndə girib insanları əsir götürdükdən sonra Həsəni və digər silahlı müqavimət göstərən döyüşçüləri silos quyusuna toplayaraq işgəncələr verdikdən sonra güllələyiblər. Bundan başqa heç bir məlumatımız olmadı. Ancaq onların kütləvi şəkildə qətlə yetirilib quyuda basdırılmasını çox adam təsdiqlədi".
Şəhid qardaşı bildirdi ki, onların ən böyük arzusu görmədikləri Qaradağlı kəndinə gedib onun və faciənin digər şəhidlərinin ruhuna ehtiram əlaməti olaraq xatirə lövhəsi yaratmaqdır:
"Ora gedəcəyimizə heç şübhəmiz yoxdur. Buna əminəm. Ancaq həmin kütləvi qətlin törədildiyi silos quyusunu, o coğrafi relyefi heç cür təsəvvür edə bilmirəm, şahidlərin danışdıqlarından belə qənaətə gəlirəm ki, Qaradağlının hər qarışı Xocalı şəhəri kimi müqəddəsdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin".
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.
- A-
- A
- A+
Cəmiyyət
20:50 / 17.02.2023
Qaradağlı şəhidinin qardaşı: "Qardaşımı silos quyusuna salıb güllələyiblər"
Hazırda oxunan: Qaradağlı şəhidinin qardaşı: "Qardaşımı silos quyusuna salıb güllələyiblər"
Hazırda oxunan: Qaradağlı şəhidinin qardaşı: "Qardaşımı silos quyusuna salıb güllələyiblər"
121108
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.