BİZİM TƏQVİM: Təbrizdə xalq üsyanı baş verib

Hazırda oxunan: BİZİM TƏQVİM: Təbrizdə xalq üsyanı baş verib

121070

1988-ci ilin fevralının əvvələrində soydaşlarımızın Qərbi Azərbaycandan deportasiya edilməsi prosesi məhz 18 fevralda Qafan rayonuna da gəlib çatır. Təkcə fevralın 18-də Qafan rayonunu 4 mindən çox soydaşımız tərk edib. Bununla da Ermənistan ərazisində etnik təmizləmə - azərbaycanlıların doğma yurd-yuvalarından qovulması prosesinin sonuncu mərhələsi başlayıb.

Bəs, 18 fevralda tarixdə daha hansı hadisələr baş verib?

1. 1451-ci ilin 18 fevralında Fateh Sultan Mehmet ikinci dəfə taxta çıxıb.

2. 1855-ci ilin bu günündə ll Aleksandr Rusiya İmperiyasının imperatoru  olub.

3. 1683-ci ildə başlayan Müqəddəs İttifaq Müharibələri illərində - 1695-ci ilin 18 fevralında Osmanlı dövləti Saqqız adasını Venesiyadan geri alıb.

4. 1856-cı ilin 18 fevralında Osmanlı dövlətində İslahat Fərmanı dərc olunub.

5. 18 fevral 1929-cu ildə SSRİ rəhbərliyinin qərarı ilə Naxçıvan Muxtar Respublikasına məxsus olan 657 kvadratkilometr ərazi – Qurdbulaq, Hörədiz, Oğbun, Almalı, İtqıran, Sultanbəy, Qarsevən, Kilid və digər kəndlər, həmçinin Zəngilan rayonunun Nüvədi kəndi, Qazax rayonunun 4400 hektarlıq meşə sahəsi Ermənistana verilib.

6. 1930-cu ilin bu günü gənc Amerika astronomu Klayd Uilyam Tommo Persinvalya Lovella rəsədxanasında fotoqrafik teleskopun köməyi ilə Pluton planetini kəşf edib.

7. 18 fevral 1952-ci ildə Türkiyə Böyük Millət Məclisi Türkiyənin NATO-ya üzvlüyünü təsdiq etdi. Türkiyənin Koreya müharibəsinə qoşulması və Rusiyanın yürütdüyü sərt siyasət ABŞ-ı Aralıq dənizinin təhlükəsizliyi üçün Türkiyə və Yunanıstanı da NATO-ya daxil etməyə sürükləmişdi.  

8. 18 fevralda Afrikanın qərbində yerləşən Qambiya respublikası müstəqilliyini bayram edir. 

9. 1979-cu ilin 18 fevralında Təbrizdə xalq üsyanı baş verib və tarixə 29 Bəhmən adı ilə düşüb. O vaxtadək şaha qarşı aksiyalar adətən tələbələr, bəzi siyasi qruplar və bəzən də Tehranın ətrafındakı fəhlələrin tərəfindən keçirilirdi. Amma Təbriz hərəkatı İran İslam İnqilabının əsl başlanğıc nöqtəsi oldu. Amma bu olayların mərkəzində olan qüvvələr Ayətullah Xomeyni deyil, Ayətullah Seyid Məhəmməd Kazım Şəriətmədarinin tərəfdarları idi, Çünki onlar heç Xomeynini tanımırdılar.  Məhz, inqilabın başlanğıcı olan 29 Bəhmən (18 fevral 1978) Təbriz hərəkatı nəticəsində Pəhləvi rejimi devrilir.

10. 18 fevral 1990-cı il tarixdə erməni terrorçularının Yevlax-Laçın yolunun 105-ci kilometrliyində "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobusu partlatması nəticəsində çox sayda insan həlak olub.
11. 2004-cü ilin bu günündə İranda kimyəvi maddələr daşıyan qatarın partlaması nəticəsində 5 kənd dağılıb, 320 nəfər adam həlak olub.

18 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

1. Dahi Azərbaycan alimi, ensiklopedik biliyə malik Məhəmməd Nəsirəddin Tusi 1201-ci ilin bu günü Həmədanda anadan olub. Marağa Rəsədxanasının yaradılmasına xeyli əmək sərf edən Tusi oranı Şərqin böyük elmi mərkəzinə çevirib. Nəsirəddin Tusi “Zic-Elxani” əsərində planetlərin geosentrik orbitinin əsas elementlərini verib, onların sutkalıq orta hərəkətini təyin edib. Onun elmin bir çox sahəsinə dair əsərləri bu gün də dünya alimləri tərəfindən tədqiq olunur. (1201-1274)

2. 1294-cü ilin 18 fevralı Monqol imperatoru Kubilay Xan dünyasını dəyişib. Çində Yuan sülaləsinin banisi olan Kubilay Xan 1271-ci ildə hakimiyyətə gəlib və 23 il boyu buranın hökmdarı olub. O, Sonq xanədanlığına son qoyaraq bütün Çin dövlətini birləşdirib. Çində ilk kağız pul Kubilay Xan zamanında başlanıb. Onun dövründə Çinə Avropa səyyahları səfər edib ki, bunların arasında ən məşhuru italiyalı Marko Polodur (15.IX.1254 – 8.I.1324).

3. Böyük türk sərkərdəsi, fateh Əmir Teymur 1405-ci ilin bu günündə anadan olub.

4. Məhşur İtaliya fiziki, kimyaçısı, fizioloqu, daimi elektrik cərəyanının ixtiraçısı Alessandro Volta 1745-ci ilin 18 fevralında dünyaya gəlib.  

5. Görkəmli Azərbaycan şairi, qəzəl ustası Əliağa Vahid 1895-ci ilin bu günü anadan olub. Əliağa Vahid qəzəlxan şair kimi tanınıb və bütün Şərqdə məhşurlaşıb. O, eyni zamanda, Nizami, Xaqani, Fələki, Nəvai və başqa klassiklərin əsərlərini yüksək sənətkarlıqla tərcümə edib. (1894-1965)

6. Tərcüməçi, publisist, Azərbaycan Jurnalistlər Birliyinin sabiq sədri, Azərbaycanın əməkdar jurnalisti Hacı Hacıyev 18 fevral 1925-ci ildə anadan olub. 

7. 18 fevral Xalq şairi Nəriman Həsənzadənin doğum günüdür. O 1931-ci ilin məhz bu günündə doğulub. O, 34 bədii–poetik toplunun, “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi-tənqidi məqalələr kitabının müəllifidir, 100-dən çox şeirinə mahnı bəstələnib.

8. 1967-ci il. ABŞ-da atom bombasının “atası” hesab edilən Robert Oppenheymer vəfat edib.

9. Güney Azərbaycanda ictimai-siyasi fəal, Azərbaycanın milli haqları uğrunda mübarizə aparanlardan biri Abbas Lisani 18 fevral 1968-ci ildə anadan olub.

10. Tankçı Vətən müharibəsinin qazisi, Vətən Müharibəsinin Qəhrəmanı Azər Abdullazadə 18 fevral 2001-ci ildə dünyaya göz açıb.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin