Qaradağlıdan SON REPORTAJ: “O qan daman sətirlər şəhid şagirdlərim haqqında idi”

Hazırda oxunan: Qaradağlıdan SON REPORTAJ: “O qan daman sətirlər şəhid şagirdlərim haqqında idi”

121041

"Kənddə müəllim işəyirdim. Riyaziyyatçı olmağıma baxmayaraq ədəbiyyata da böyük maraq göstərirdim. Qaradağlı kəndi Xocavənd rayonunun ermənilər yaşayan kəndlərinin əhatəsində yerləşirdi. 1988-ci ildə, münaqişə başlayandan sonra kənd tez-tez basqınlara məruz qalırdı.

Ermənilər evləri yandırır, insanları qətlə yetirir, mal-qaranı oğurlayıb aparırdılar. Kənd mühasirədə olduğuna görə gediş-gəliş müşkülə çevrilmişdi. Qərara gəldim ki, kənddə baş verən hadisələri qələmə alıb Ağdamda yerləşən redaksiyalara göndərim", - deyir, Lyudmila Həsənova. 

Həsənova Lyudmila Məhəmməd qızı 1958-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində anadan olub. Ali təhsil aldıqdan sonra kənddə riyaziyyat müəllimi işləyib. 

Birinci Qarabağ Müharibəsi zamanı onun hazırladığı məqalələr mütəmadi olaraq "Xalq" qəzetində dərc olunub:

"Ağdamdan kəndə gələnlər məni axtarıb, tapıb bir bağlama verdilər. Baxdım ki, qəzetdən mənə müxbir vəsiqəsi hazırlayıb göndəriblər. Mən çoxdan qərar qəbul etmişdim, kəndi ov silahları ilə müdafiə edən şagirdlərimin və qohumlarımın yanında qalıb onlara bu yolda dəstək olum. Bir müəllim üçün şagirdinin şəhid olma xəbərini hadisələrin xronologiyasına əlavə edib qələmə almağın nə qədər iztirablı olunduğunu sözlə ifadə etmək çox çətindir. Üstəgəl qohumları itirmək"...

L.Həsənovanın atası Həsənov Məhəmməd Hüseyn oğlu ermənilər tərəfindən əsir götürülüb. Qardaşı Həsənov Altay Məhəmməd oğlu isə kəndin müdafiəsi zamanı şəhid olub. Ümumilikdə 28 qohumu ermənilər tərəfindən qətlə yetirilib. Yaşadığı faciələr onun yaradıcılığına təsirsiz ötüşməyib.

Qaradağlı kəndindən hazırladığı sonuncu reportajın redaksiyaya göndərilməsi isə Hollivud filmlərinin süjet xəttini xatırladır:

"Tam silahlanmış erməni hərbçiləri kəndin ətrafındakı mövqelərdən işıq gələn evləri atəşə tuturdu. Mən buna görə pəncərələrə qara pərdələr çəkib, şam işığında baş verən hadisələri qələmə alırdım. Vəziyyət olduqca ağır idi. Hücumların ardı-arası kəsilmirdi. Vəziyyətlə əlaqədar olaraq hər saat vertolyot da gələ bilmirdi. Eşitdim ki, vertolyot gələcək. Ancaq o da elə yerə eniş edirdi ki, əraziyə gedib çatana qədər ölümlə üz-üzə qalmalı olurdum. Əlyazmalarımı götürüb gizli yollarla əraziyə getdim. Meşə və dərələrlə bir təhər vertolyota çatıb reportajı yola saldım. Ondan əvvəl də dəfələrlə meşə yolları ilə materiallar göndərmişdim. Ancaq sonuncusu daha çox sarsıdıcı və kədərli idi. Hər sətrindən qan damırdı... Şəhid qanı, bu yazdıqlarım övladlarım qədər sevdiyim şagirdlərimin və qohumlarım haqqında idi".

Müsahibimiz Hazırda Beyləqan rayonu ərazisində yerləşən Xocavənd qəsəbəsində yaşayır. Pedaqoji fəaliyyətini davam etdirən Lyudmila müəllimə deyir ki, artıq ağır günlər geridə qalıb. İndi daha qürurludur.

O, güclü, qalib Azərbaycan dövlətinə savadlı kadrlar hazırladığına görə fəxr hissi keçirir. Ən böyük arzusu isə doğma Qaradağlı kəndindən ilk reportajı hazırlamaqdı:

"Füsunkar təbiəti olan, meşəli dağların əhatəsində yerləşən kəndimizin hər daşı, ağacı, bulağı, bir sözlə hər qarışı bir abidədir. Əminəm ki, biz ora dönüb yenidən yaşamağa başlayacağıq. Şadam ki, savadlı gənclərimizin yetişməsində mənim də əməyim var. Bu mənim mübarizəmdi, xidmətimdi. Çünki yaxşı anlayırdım ki, Ali Baş Komandanın qətiyyəti qisasımızı qiyamətə saxlamayacaq. 
 

Ən böyük arzum Qaradağlıya qayıdan kimi, ordan ilk reportajı hazırlamaqdır. Bundan böyük arzum yoxdur".


Xatırladaq ki, 17 fevral 1992-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində törədilən soyqırımdan bu gün 31 il ötür. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin