Bundan sonra insanlar necə belə Dövlətə hörmət etsinlər? Axı onlar Dövlətin tək sözünə yox, bir palaz boyda verdiyi sənədə inanıb mülk alıblar. Hələ üstəlik bu sənədi almağa rüşvətlərini də veriblər. İndi bəlli olur ki, sənədlər düz deyilmiş. Mən şəxsən söz verib əməl etməyən insana belə hörmət qoymuram. Burada Dövlət adından sənəd verilir və yenə də həmin Dövlətin məmurları, orqanları tərəfindən ləğv edilir. Dövlətinə inanmış vətəndaş halal pulundan məhrum edilir və heç kim də cəza almır. Bu günə qədər minlərlə belə hal olub və bir məmur belə məsuliyyətə alınmayıb.xa0
Bu günlərdə ölkə əhalisinin yarısı boyda əhalisi olan Bakı şəhərinə rəhbərlik edən Hacıbala Abutalıbov mülkiyyət hüququnu təsdiq edən, bütün qanunlara əməl edilməklə alınmış 45 dövlət reyestrindən çıxarışın ləğvi ilə bağlı məhkəmələrə müraciət edib. Əminəm ki, ədalət anlayışına təhqir olan Azərbaycan məhkəmələri həmin sənədləri qanunsuz sayacaqlar.xa0
Onların birində də cəsarət olmaz ki, həmin sənədləri verənlərin əməllərindəki qanunsuzluqla bağlı prokurorluğa təqdimatla müraciət etsinlər. Birdən çaşıb belə qərar qəbul edən məhkəmə olsa prokurorlarda da o cürət olmaz ki, Hacıbala Abutalıbov və onu kimilərin haqqında cinayət işi açsınlar. Bəli, bu məmurlar hamısı həbs olunmalıdırlar, çünki bu qanunsuzluqlar birbaşa onların iştirakı ilə baş verib, onlar hüquqsuz azərbaycan vətəndaşlarından rüşvətlərini alıblar, aralarında bölüblər, bu gün isə cəzasızdırlar. Ən azından onlar hamısı vəzifə borcunu yerinə yetirib qanunsuz torpaq zəbt etmənin, tikilinin qarşısını almayıblar. Bir daha təkrar edirəm, bir vaxtlar bu gün baş verən özbaşnalıqlar dəhşətli yuxu kimi xatırlanacaq və dövləti bu günə salanlar lənətlənəcək! Onların övladları öz əcdadlarına görə xəcalət çəkəcəklər!!
Aslan İsmayılov, tanınmış hüquqşunas




































































































