Fevralın 16-da Milli İncəsənət Muzeyində Mədəniyyət naziri Anar Kərimov ilə ölkədə fəaliyyət göstərən televiziya kanalları rəhbərlərinin görüşü keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Mədəniyyət naziri onlara vəzifə verdi - FOTO
Bildirilib ki, görüşdə Rövşən Məmmədov ("Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti), Mirşahin Ağayev (Real TV), Balakişi Qasımov (İctimai Televiziya), Kamil Şahverdiyev (Space TV), Murad Dadaşov (Xəzər TV), Azər Xəlilov (Azad Azərbaycan TV), Vüqar Xəlilov (CBC TV), Radik İsmayılov (ARB TV) və Lider TV-nin nümayəndəsi Nazxanım Bağırova iştirak edib.
Əvvəlcə görüş iştirakçıları Milli İncəsənət Muzeyinin “Azərbaycan incəsənəti minilliklər boyu” adlı daimi sərgisi ilə tanış olublar.
Sonra görüş dəyirmi masa formatında fikir mübadiləsi ilə davam edib.
A.Kərimov ilk olaraq 14 fevral tarixində qeyd olunan Milli televiziyanın yaranması günü münasibətilə televiziya rəhbərlərini təbrik edib.
Daha sonra A.Kərimov Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatlardan söz açıb. Nazir həmçinin dövlət başçısının tapşırığına uyğun olaraq mədəniyyət sahəsində həyata keçirilən islahatların və yeniliklərin ictimaiyyətə təqdim edilməsi prosesinə televiziyaların da dəstək göstərməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə mədəniyyətin bütün sahələrinin işıqlandırılmasının diqqətdə saxlanılması, o cümlədən Qarabağın mədəni irsinin təbliği (Mədəniyyət Nazirliyinin “Mədəniyyəti Qarabağa qaytarırıq” layihəsi) məsələləri müzakirə edilib.
Nazir mədəniyyət sahəsinin təbliği ilə bağlı görüş iştirakçılarının təkliflərini dinləyib. Müzakirə zamanı televiziyaların film nümayişi siyasətinə yeni baxış, nazirliklə televiziyalar arasında işçi qrupun yaradılması, eləcə də nazirliklə televiziyalar arasında birgə fəaliyyət planının hazırlanması ilə bağlı fikirlər səsləndirib.
Diskussiyalarda vətənpərvərlik mövzusunda verilişlərin hazırlanması, mədəniyyətin müxtəlif sahələrində insan resurslarının inkişafı, cizgi filmlərinin istehsalı və yayımı müzakirə edilib. Kino sahəsindəki yeniliklər və bu sahədə görüləcək işlər, eləcə də televiziyaların “Azərbaycanfilm” kinostudiyası ilə əməkdaşlıq məsələləri də görüşün müzakirə obyektlərindən olub.
Görüş iştirakçıları Əqli Mülkiyyət Agentliyi tərəfindən musiqi əsərlərinin lisenziyalaşdırılmasının əhəmiyyətini vurğulayıblar.
Qeyd olunan məsələlərə münasibət bildirən nazir yaxın zamanlarda verilən təkliflər üzrə işçi qrupunun yaradılacağını və bu istiqamətdə artıq müəyyən addımların atıldığını deyib.
Bildirib ki, səsləndirilən bütün təkliflər nəzərdən keçiriləcək. Təkliflərin həyata keçirilməsi həm nazirliyin, həm də televiziyaların fəaliyyətinə töhfə verəcək.
Bizim.Media