Qaxda Müslüm Maqomayevin atasının dükanı olub - Köhnə stildə yeni yaradılmış “İÇƏRİBAZAR”

Hazırda oxunan: Qaxda Müslüm Maqomayevin atasının dükanı olub - Köhnə stildə yeni yaradılmış “İÇƏRİBAZAR”

120556

Qax qalasını İlisu sultanı Adı-Görklü bəy XVI əsrdə tikdirib. Bugünkü Qax şəhəri məhz tarixi mərkəz sayılan həmin qalanın içində böyüyərək müasir görkəm alıb. 

Müdafiə məqsədilə tikilən Qax qalasını XVIII əsrdə Nadir şah Əfşarın qardaşı İbrahim xan Car-Balakənə səfəri zamanı bərpa etdirib. 1738-ci ildə İbrahim xan Car üsyançıları tərəfindən öldürüldükdən sonra Qax qalasının rəisi hərbçilərlə birlikdə qalanı tərk edib və qala İlisu hakimlərinin nəzarəti altına keçib.

Çar Rusiyası 1844-cü ildə İlisu sultanlığını işğal etdikdən sonra strateji baxımdan əlverişli olan və indiki Qax şəhərinin mərkəzində yerləşən qala kompleksi rus əsgərlərindən ibarət qarnizonun yerləşmə məntəqəsinə çevrilib. İlisu sultanlığı ləğv edildikdən sonra qalada bir müddət general-mayor Burnonun komandanlığı altında olan qarnizon yerləşdirilib.
Çay daşları və əhəng məhlulu ilə tikilmiş qalanın içərisində yaşayış binaları, müxtəlif emalatxanalar, dükanlar və bazar olub. Elə buna görə də yerli əhali qalanın əhatə etdiyi daxili ərazini indi də “İçəribazar” adlandırırlar. 

Yerli və xarici turistlərin ən çox marağına səbəb olan tarixi bir məkana səyahət edirik.

Bizim.Media xəbər verir ki, Qax şəhərinin bu qədim tarixi məhəlləsində yaradılan “İçəribazar” Turizm Mədəniyyət Mərkəzi rayona gələn qonaqlar üçün əsl istirahət məkanına çevrilib.

Turistlər “İçəribazar” kompleksi ilə tanış olarkən qədim memarlıq nümunələrini heyranlıqla seyr edirlər. 

Tikinti və yenidənqurma işləri zamanı “İçəribazar” küçəsindəki fərdi evlərin dam örtükləri yenilənib, darvaza, pəncərə, tavan, sütun, balkonlarda sürahilər və digər hissələr taxta materialdan yüksək zövqlə yenidən işlənib. Küçə boyunca qədimliyi özündə ehtiva edən qala divarları, təbii daşlar turistlərin diqqətini daha çox çəkib. Milli memarlıq üslubunda çapma çay daşı və qırmızı kərpiclə nəfis şəkildə işlənilən, dekorativ suvaq vurulan küçə divarları da insanda xoş ovqat yaradır. Qalanın giriş və çıxış qapıları ölkəmizin memarlıq ənənələrinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Kompleksin ərazisində mükəmməl layihə əsasında açıq səma altında 300 yerlik tamaşaçı tutumu olan yaşıl teatr üçün sahə ayrlılb, sənətkarlar üçün 10 emalatxana, o cümlədən, tətbiqi sənət, ağacoyma, toxuculuq, Şərq şirniyyatı, təndirxana inşa olunub.

Burada fəaliyyət göstərən tətbiqi sənət nümunələrinin satış mərkəzində yerli sənətkarların hazırladıqları milli suvenirlər, rəngkarlıq və qrafika əsərləri, ağac üzərində oyma, daş üzərində təsvirlər, toxuculuq məmulatları, suvenir xalçalar nümayiş etdirilir.
Görkəmli bəstəkar, ictimai xadim Müslüm Maqomayevin atası usta Məhəmməd kişinin dəmirçi emalatxanası 1880-ci illərdə burada yerləşib. 1902-ci ildə Qori seminariyasında təhsil alarkən Müslüm Maqomayev atasının vəsiyyətinə əsasən, dahi bəstəkar Üzeyir Hacıbəyli ilə birgə burada olub, ata yurdunu ziyarət edib.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin