1995-ci ildən etibarən Azərbaycanda hakimiyyətin qanunvericilik qolunu Milli Məclis təmsil edir. Tərkibi 125 deputatdan ibarət olan parlamentdə bu günə qədər bitərəf namizədlərdən 26 fərqli partiyanın üzvü olan siyasətçilər də mandat qazanmağa nail olublar.
Bu günə qədər ölkəmizdə 6 çağırış üzrə parlament seçkiləri keçirilib ki, bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının deputatları Milli Məclisdə çoxluq təşkil ediblər. Digər 25 partiyadan isə cəmi 9-u parlamentdə 1-dən artıq deputatla təmsil olunmağa müəssər olub.
Bizim.Media həmin partiyaların siyahısını təqdim edir:
ADP
I çağırış üzrə Milli Məclisdə ən geniş tərkiblər təmsil olunmuş partiyas məhz Demokrat Partiyası olub. Maraqlıdır ki, 1995-ci ildə keçirilən seçkilərdə partiya parlamentdə mandat qazana bilməyib. Lakin 1998-ci ildə YAP-dan 5, bitərəf deputatlardan isə 2-nin ADP-yə keçməsi ilə partiya Milli Məclisdə say tərkibinə görə 2-ci ən böyük siyasi təşkilata çevrilib.
AXCP
Azərbaycan Xalq Cəbhəsi Partiyası II çağırış üzrə parlament seçkilərində 7 deputatla təmsil olunub. Onlardan 3-ü majoritar, 4-ü isə proporsional siyahı üzrə seçiliblər.
AMİP
Partiya I çağırış Azərbaycan Respublikasının Milli Məclisində əvvəlcə 3 millət vəkili — Etibar Məmmədov, Nazim İmanov, Şadman Hüseyn, daha sonra transfer üsulu ilə daha 3 millət vəkili — Novruz Quliyev, Cəbrayıl Əhmədov və Gülnarə Qurbanova ilə təmsil olunub.
Müsavat
Müsavat Partiyası III çağırış Milli Məclisdə YAP-dan sonra ən geniş tərkiblə təmsil olunan partiya olub. Belə ki, Azadlıq Blokunun tərkibində seçkilərə qatılan müsavatçılar parlamentdə 5 yer qazanmağı bacarıblar. Parlamentdə təmsil olunan müsavatçı deputatlar isə Arzu Səmədov, Nəsib Nəsibli, İkram İsrafilov, İltizam Əkbərli, Aynur Camalqızı idi.
VHP
II, III və VI çağırış Milli Məclisdə 3 millət vəkili ilə təmsil olunub. Hər üç çağırışda partiyadan seçilən deputatlar Sabir Rüstəmxanlı, Fəzail İbrahimli və Rafael Hüseynov olub. Eyni zamanda Fəzail İbrahimli VI çağırış üzrə parlamentdə vitse-spiker seçilməklə, müxalifət partiyaları içərisində ilkə imza atıb.
ADİP
Azərbaycan Milli İstiqlal Partiyasının parçalanması ilə yaranan Azərbaycan Demokratik İstiqlal Partiyası I çağırış Milli Məclisdə 2 deputatla təmsil olunub. Lakin 1999-cu ildə partiyanın parlamentdəki hər iki təmsilçisi Mübariz Qurbanlı və Vilayət Quliyev istefa verərək, YAP sıralarına qatılıblar.
ADSP
Azərbaycan Demokratik Sahibkarlar Partiyası da I çağırış Milli Məclisdə 2 millət vəkili ilə təmsil olunublar. Partiyadan Mikayıl Mirzə və Mətləb Mütəllimli seçicilərin etimadını qazanmağı bacarıb. Lakin Mikayıl Mirzə 1999-cu ildə partiya sıralarından ayırılıb və I çağırışın son iki ilində partiyanın cəmi 1 deputatı Milli Məclisdə qalıb.
AVP
Ana Vətən Partiyası II, III və IV çağırış Milli Məclisdə 2 millət vəkili ilə təmsil olunub. Hər üç seçkilərdə partiya sədri Fəzail Ağamalı və onun müavini Zahid Oruc parlamentə mandat qazanıb.
AzKP
Azərbaycan Kommunist Partiyası da parlamentdə 2 deputatla təmsil olunmuş partiyalardandır. Kommunistlərdən II çağırış üzrə Milli Məclisə iki millət vəkili seçilib. Onlar Ramiz Əhmədov və Rauf Qurbanov idi.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:00 / 15.02.2023
Milli Məclisdə 1-dən çox deputatla təmsil olunmuş PARTİYALAR – SİYAHI
Hazırda oxunan: Milli Məclisdə 1-dən çox deputatla təmsil olunmuş PARTİYALAR – SİYAHI
Hazırda oxunan: Milli Məclisdə 1-dən çox deputatla təmsil olunmuş PARTİYALAR – SİYAHI
120541
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.