Tədbiri giriş sözü ilə açan millət vəkili, AMEA-nın müxbir üzvü, professor, lüğətin elmi redaktoru Nizami Cəfərov frazelogiya sözlüyünün işıq üzü görməsini dilçiliyimizdə mühüm hadisə adlandırıb. O qeyd edib ki, frazeologiya lüğəti yaratmaq sahəsində uzun illər müxtəlif cəhdlər göstərilib, bəzi uğurlar da olub, amma bununla yanaşı dilçiliyimiz ilk dəfədir ki, aydın tərtib prinsipləri və elmi cəhətdən dürüst əsaslandırılmış strukturu ilə fərqlənən mükəmməl sözlük əldə etmişdir. N.Cəfərovun sözlərinə görə, yeddi minə yaxın birləşmənin izahını verən lüğətin ən yaxşı cəhəti odur ki, burada frazeologiyanın hüdudları dəqiq müəyyənləşdirilmiş, sabit söz birləşmələri, mürəkkəb sözlər, tərkibi feillər, məcazlar, obrazlı ifadələrlə frazeologiya arasında münasibətlər aydınlaşdırılmışdır. Təqdimat mərasimində çıxış edən elm, mədəniyyət və incəsənət xadimləri, həmçinin mətbuat nümayəndələri frazeologiya lüğətinin ərsəyə gəlməsini dilçiliyimizin və Azərbaycan leksiqoqrafiyasının mühüm nailiyyəti kimi səciyyələndirmişlər. Bu barədə danışan AMEA-nın Dilçilik institutunun əməkdaşları, filologiya elmləri doktoru, professor İlham Tahirov, professor Nəriman Seyidəliyev, BDU-nun professor Nəsir Əhmədli, dosent Sevinc Əliyeva və başqaları təqdim edilən lüğətin dilçiliyimiz üçün böyük əhəmiyyətini qeyd etmişlər. Natiqlər bu lüğətin meydana gəlməsini ana dilimizin elektron resurslarının yaradılması işinə də ciddi töhfə olduğunu vurğulamışlar. Sonda lüğətin müəllifləri, professor Qulu Məhərrəmli və filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılov çıxış etmişlər. Onlar sözlük üzərində uzun illər apardıqları yaradıcılıq işindən, qarşıya çıxan çətinliklərdən, mübahisəli məsələlərin həlli qaydalarından, müasir lüğət tərtibinin özəlliklərindən danışmışlar.

- A-
- A
- A+
Cəmiyyət
19:16 / 09.02.2016
"Azərbaycan dilinin frazeologiya lüğəti" təqdim olundu- FOTO
Hazırda oxunan: "Azərbaycan dilinin frazeologiya lüğəti" təqdim olundu- FOTO
Hazırda oxunan: "Azərbaycan dilinin frazeologiya lüğəti" təqdim olundu- FOTO
120522
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































