Son zamanlar bir sıra dövlət qurumları yeni yaradılan Azərbaycan İnvestisiya Holdinqin idarəetməsinə verilib.
Azərbaycan iqtisadiyyatında baş verən ciddi dəyişikliklərdən biri də məhz prezidentin müvafiq fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi (AİH) yaradılması oldu.
Bu hətta belə bir vəziyyətdə bir çoxları üçün sürpriz addım hesab edilə bilər.
Bundan sonra Prezident imzaladığı sərəncam ilə bir çox qurum Holdinqin tərkibinə verilib. Azal, SOCAR, Bakı Metropoliteni, Bakubus, Azərbaycan Dəmir yolları da daxil olmaqla bir çox şirkət vahid mərkəzdən idarə olunacaq.
Ekspertlərin fikrincə, buna səbəb həmin müəssisələrdə idarəetmənin düzgün qurulmaması, iqtisadi səmərəliliyin təmin edilməməsi və korrupsiya hallarının baş verməsidir.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, yaxın zamanlarda əhalinin ən çox narazı qaldıqları və şikayət olunan qurumlardan bir neçəsi də Holdinqin idarəedilməsinə veriləcək.
MÖVZU İLƏ BAĞLI:
Ötən il Ümumi Daxili Məhsulun istehsalı artıb - EKSPERT
Yayılan məlumatlara görə, növbədə “Azərsu” ASC, “Azəristiliktəchizat” ASC, “Azərişıq" ASC qurumlarıdır. Siyahını davam etməsi gözlənilir.
Qeyd edək ki, “Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi”ndə bildirilir ki, Azərbaycan İnvestisiya Holdinqi - onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin (dövlət müəssisələri) vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması üçün çalışacaq.
Vüsalə Balayeva, Bizim.Media