Bu gün Azərbaycanın Hərbi Hava Qüvvələri Günüdür. 14 fevral 1992-ci ildə Milli Ordunun Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub və həmin vaxtdan sözügedən gün qeyd olunur. Məlumat üçün bildirək ki, Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub.
O, Birinci dünya müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında qəhrəmanlıq göstərib. Belarus ərazisində gedən döyüşlərdən birində isə həlak olub.
Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları MDB məkanında ən çox uçuş keçirmiş pilotlar sayılır. Pilotlarımız Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrin müvafiq ixtisasartırma kurslarında və təlimlərdə iştirak edirlər.
Vətən müharibəsində zirvələrdə dalğalanan bayrağımızın enməməsi üçün ölümün gözünə dik baxan, hər fürsətdə düşmənin müdafiə xəttini dağıdan və son uçuşları zəhidlik zirvəsi olan qəhrəman pilotlarımızı da unutmamalıyıq...
Gəllin onları günlə əlaqədar olaraq bir daha xatırlayaq:
Azərbaycan HHQ-nın ilk və həmin dönəm tək hücum təyyarəsi olan SU-25-ni Sitalçay aviabazasından oğurluyub, 1992-ci ilin 8 apreldən-13 iyuna qədər Qarabağda Erməniləri toz eliyən Azərbaycanın ilk pilotu Vaqif Qurbanov...
Moskvanın göstərişiylə həmin təyyarə göründüyü yerdəcə vurulmalı idi. Buna görə təyyarəni gözdən uzaq yerdə-Şəki aeroportu tərəflərdə ot tayasında gizlədirlər. Vaqif Qurbanov Sitalçaydan təyyarəni qaçıranda içərisi raketlə, yəni bombardmana hazır vəziyyətdə təchiz edilmiş olub.
Bu vəziyyətdə təyyarəni qaçırıb Yevlaxda torpaq üstündə endirmək hətta uzun illərin təcrübəsinə malik pilotlara da çətin olardı. Qəhrəmanımız 1992-ci ilin iyununda başlayan cəbhənin Goranboy-Ağdərə-Ağdam istiqamətində ermənilərin müdafiə xəttini bombardman edərək dağıdıb və döyüşçülərimizin hücumuna yol açıb.
Sonuncu 5-ci uçuşu Ağdam-Əsgəran istiqamətində mühasirə təhlükəsində qalan döyüşçülərə köməyə gedəndə olub. Şahinimiz Əsgəran səmasında ardıcıl atılan zenit güllələriylə şəhidlik zirvəsinə ucalıb.
2016-cı ildə Aprel döyüşləri zamanı qoşunların təmas xəttində Ermənistan silahlı bölmələrinin hücumunu dəf edərkən həlak olan pilotlarımız da anılır. Onlar mayorlar Urfan Vəlizadə, Təbriz Musazadə və baş leytenant Bəkir İsmayılovdur.
Fədakar pilotlarımızın şəhidlik zirvəsinə ucalmasından 7 il ötür.
Urfan Vəlizadə 1978-ci il noyabrın 1-də Bakı şəhərində anadan olub. Məktəbi bitirən kimi Türkiyə Hava Hərbi Məktəbinə daxil olub və 5 il təhsil alıb. 2001-ci ildə Azərbaycanda xidmətə başlayıb.
Əbu Bəkir İsmayılov 1990-cı il fevralın 10-da Kürdəmir şəhərində anadan olub. O, 2005-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 2008-ci ildə həmin liseyi bitirib. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olub.
2018-ci ildə Yaqut Bahadırqızı Əbu Bəkir İsmayılov haqqında “Hay ver mənə, cənab leytenant...” adlı kitab yazıb.
Təbriz Musazadə 1981-ci il avqustun 12-də Gürcüstan Respublikasının Dmanisi rayonunun Yaqublu kəndində anadan olub.
Hər üç pilot II Fəxri xiyabanda dəfn edilib.
29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. Qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot - polkovnik-leytenant Fəxrəddin Əsgərov və kapitan Əfqan Aslanov həlak olub. Ə.Aslanovun cəsədi bir neçə gün sonra dənizdən aşkarlansa da, F. Əsgərovun meyitini tapmaq mümkün olmayıb.
Fəxrəddin Əsgərov öz dövrü üçün Azərbaycanda ən çox uçuş saatına malik olub.
2010-cu il martın 3-də isə Tovuz rayonu ərazisində Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsi qəzaya uğrayıb.
Təyyarənin Tovuz rayonunun Aşağı Ayıblı kəndinin üzərinə düşmə təhlükəsinin olduğunu görən pilot onu bir qədər kənara yönəltməyi bacarır. Yüzlərlə insanın taleyini düşünən Famil Məmmədli öz həyatı bahasına bir kəndi xilas edib.
O, Azərbaycan bayrağını səmaya çəkən 9 şahindən biri olub. 2013-cü il fevralın 11-də Bakının Şıx ərazisində Müdafiə Nazirliyinin Mİ-17 helikopteri qəzaya uğrayaraq dənizə düşüb. Nəticədə ekipajın üç üzvü - Kapitan Yaşar Əhmədov, Baş leytenant Rüstəm Rüstəmov və Leytenant Bəhruz Zeynalov həlak olub. Bu zaman təyyarənin pilotu Famil Məmmədli vəfat edib.
Famil Elman oğlu Məmmədli 15 oktyabr 1974-cü il tarixində Ağsu rayonunun Abasxanlı kəndində anadan olub. Qısa müddətdə polkovnik-leytenant rütbəsinə qədər yüksələn Famil Məmmədli qərargah rəisi vəzifəsində çalışıb.
Helikopterin pilotu Yaşar Əhmədov - 1970-ci il noyabrın 11-də Qazax rayon Aslanbəyli kəndində ziyalı ailəsində anadan olub. 1998-ci ildə Hərbi Hava Qüvvələrində Pilot çatışmazlığı olduğuna görə könüllü olaraq hərbi təyyarəçi kimi xidmətə başlayıb.
Azərbaycan Respublikasının Hərbi Hava Qüvvəllərinin 1-ci dərəcəli təlimatçı pilotu olub. 11 fevral 2013-cü il döyüş tapşırığını yerinə yetirərkən Şıxov çimərliyi ətrafında Mi-17 helikopteri qəzaya uğrayıb və 3 ekipaj üzvi ilə birlikdə şəhid olub.
2019-cu il iyulun 24-də gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant, şəhid Rəşad Atakişiyev də bu gün xatırlanır.
Rəşad Saləddin oğlu Atakişiyev 7 yanvar 1985 Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olub. O, 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb, əldə etdiyi bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.
Qısa zaman ərzində təcrübəli pilotlar sırasına və hərbi hissə komandirinin müavini vəzifəsinə yüksələn Rəşad Atakişiyev 2018-ci ilin oktyabrında “Şahinlər” filmində iştirak edərək, havada ən çətin, təhlükəli manevrlərin öhdəsindən gəlib.
II Qarabağ müharibəsinin ilk günü və başlamasının ilk dəqiqələri Hərbi Hava Qüvvələrinin mayoru, hərbi pilot Abbas Qasımov və DSX-nın baş leytenantı, hərbi pilotu Xalid Gözəlov Qarabağ səmasında şəhid olub.
Qeyd edək ki, Abbas Qasımov 1986-cı il martın 17-də Zəngibasarın Masis rayonunda anadan olub. Ailəsi ilə birgə 1988-ci ilin noyabr ayında ermənilər tərəfindən doğma rayonundan deportasiya edilib.
Xalid Gözəlov 1996-cı ilin 4 noyabrında Biləsuvar rayonun Aşağı Cürəli kəndində anadan olub. 2019-cu ildə baş leytenant rütbəsi alıb.
Canlarını Vətən yolunda fəda edən Abbas Qasımov və Xalid Gözəlov ölümündən sonra "Vətən uğrunda" , medalları və "Vətənə xidmətə görə" ordenləri ilə təltif olunub.
II Qarabağ müharibəsinin daha bir şəhid pilotu Ramiz Vaqif oğlu Qasımovdur. Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin birinci saatlarında "SPAYK" uzun mənzilli raketlərilə silanlanan "Mi-17" hücum vertolyotu ilə cəbhənin Tərtər-Madagiz-Talış istiqamətlərində Ermənistan Ordusunun strateji əhəmiyyətli hədəflərini məhv edən birinci pilotlardan olub.
Hərbi hədəflərin məhv edilməsindən sonra Ramiz Qasımovun idarə etdiyi "Mi-17" hücum vertolyotu geri dönən zaman Tərtər rayonunun Azad Qaraqoyunlu istiqamətində Ermənistan Hərbi Hava Qüvvələri tərəfindən vurulub.
Ramiz Qasımov dərhal bortda olan digər 2 nəfər heyət üzvünə vertolyotdan "atılma" əmrini verib. Özü isə "Mi-17" hücum vertolyotunun yaşayış evlərinə düşməməsi üçün boş sahəyə tərəf istiqamətləndirməyə başlayıb.
Son anda paraşütlə vertolyotdan atılsa da, başından ağır zərbə alıb. Koma vəziyyətində 25 gün qalandan sonra oktyabrın 22-də həlak olub. Qəhrəmanımıza göstərdiyi şücaətə görə şəhid statusu verilib.
Zaur Nudirəliyev də ikincə Vətən müharibəsi şəhididr. USTA pilotumuza sentyabrın 27-də başlanan Vətən müharibəsində "Su-25" hücum təyyarələrində yeni üsullardan istifadə olunması tapşırığı verilib.
Nudirəliyev nişangah istifadə etmədən, riyazi üsullarla bombaların atılmasının yeni üsulunu icra edib. Həmçinin "Su-25" hücum təyyarəsindən lazer müşaiyətli bombaların birinci atışını ıb.
Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində endirilən zərbələr nəticəsində Ermənistan Ordusunun dayaq məntəqələri, canlı qüvvələri məhv edilib. Həmçinin Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olması təmin olunub.
12 uçuşu uğurla başa vuran Zaur Nudirəliyev, oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində hədəfə yaxınlaşan zaman idarə etdiyi "Su-25" hücum təyyarəsinin vurulması nəticəsində həlak olub.
Zaur Nudirəliyev Azərbaycan Hərbi Hava Qüvvələri tarixində şəhid olan yeganə polkovnikdir. Həmçinin o, 1941-ci ildən sonra "Atəş ramı" reallaşdıran birinci pilotdur.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:00 / 14.02.2023
HHQ – Son uçuşları şəhidlik zirvəsi olan PİLOTLARIMIZ
Hazırda oxunan: HHQ – Son uçuşları şəhidlik zirvəsi olan PİLOTLARIMIZ
Hazırda oxunan: HHQ – Son uçuşları şəhidlik zirvəsi olan PİLOTLARIMIZ
120427
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.