Azərbaycanda inklüziv təhsilin təşkili qaydası təsdiqlənib.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti müvafiq qərar verib.
Qaydaya əsasən, müəssisədə psixoloji-pedaqoji və tibbi göstərişlərə (əks göstərişlərə) uyğun təhsil almaq üçün lazımi xüsusi şərait olduğu halda, həmin müəssisədə sağlamlıq imkanları məhdud uşaqların sağlam şagirdlərlə eyni sinifdə təhsilə cəlb edilməsi məqsədilə inklüziv təhsil sinifləri yaradılır.
Sağlamlıq imkanları məhdud uşaqlar inklüziv təhsil sinfi təşkil olunan müəssisəyə psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən, aşağıdakı şərtlər nəzərə alınmaqla qəbul olunurlar:
- sağlamlıq imkanları məhdud uşağın sadə özünəxidmət bacarığının olması (sanitar qovşağından istifadə, əlini yuma, qida qəbulu və s.);
- sağlamlıq imkanları məhdud uşaqda emosional-iradi sahədə və davranışında nəzərəçarpan pozuntuların olmaması;
- müəssisənin pedaqoji heyətinin sağlamlıq imkanları məhdud uşaqla təlim-tərbiyə işinin təşkili üçün səriştələrinin (kompetensiyalarının) olması;
- sağlamlıq imkanları məhdud uşağın müəssisənin yaxınlığında yaşaması;
- müəssisənin infrastrukturunun sağlamlıq imkanları məhdud uşaq üçün müyəssər olması.
Müəssisədə inklüziv təhsil sinfi “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı Normaları”nın tələbləri nəzərə alınmaqla 22 uşaqdan (sağlamlıq imkanları məhdud olan uşaqlar 2 nəfərdən artıq olmamaqla) ibarət komplektləşdirilir.
Sinfin inklüziv olması barədə sinfə cəlb olunan şagirdlərin valideynlərinə və ya digər qanuni nümayəndələrinə elektron qaydada (elektron poçt və SMS vasitəsilə) məlumat verilir. İnklüziv təhsil təşkil edilən müəssisədə nitq pozuntusu olan uşaqlara kömək məqsədilə mütəxəssis üçün otaq və zəruri avadanlıqla təchiz edilməklə loqopedik xidmət təşkil olunur.
İnklüziv təhsil sinfində təhsil alan sağlamlıq imkanları məhdud uşağın sinifdə, qrup və fərdi məşğələlərdə iştiraketmə müddəti onun sağlamlıq imkanları nəzərə alınaraq müəssisənin rəhbəri tərəfindən təsdiq edilən fərdi tədris planı ilə müəyyənləşdirilir.
Fərdi tədris planının forması Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Müəssisə tərəfindən sağlamlıq imkanları məhdud uşağın təlim vaxtının minimum 50 faizinin inklüziv təhsil sinfində keçirməsi təmin edilir.
Təlim vaxtının digər hissəsi qrup və fərdi məşğələlərə ayrılır. İnklüziv təhsil sinfində təhsil alan sağlamlıq imkanları məhdud uşaqlar tədris prosesində funksionallığın artırılmasına xidmət edən lazımi avadanlıq və vəsaitlərlə, didaktik materiallarla təmin olunurlar.
İnklüziv təhsil siniflərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların nailiyyətlərinin izlənilməsi onların attestasiyası (məktəbdaxili qiymətləndirmə) təşkil edilir.
Sağlamlıq imkanları məhdud uşaqların (əqli geriliyi olanlar istisna olmaqla) təhsili ümumi orta və tam orta təhsil səviyyələrində təhsil proqramının uyğunlaşdırılması vasitəsilə həyata keçirilir.
Əqli geriliyi olan sağlamlıq imkanları məhdud uşaqların təhsili ümumi orta təhsil səviyyəsində təhsil proqramının sadələşdirilməsi vasitəsilə həyata keçirilir.
İnklüziv təhsil sinfində təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqda emosional-iradi sahədə və davranışında nəzərəçarpan pozuntular yarandığı halda, psixoloji-tibbi-pedaqoji komissiya onun xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul edir.
İnklüziv təhsilə cəlb edilən ümumi təhsil pilləsinin ümumi orta və ya tam orta təhsil səviyyələrini başa vuran sağlamlıq imkanları məhdud uşaqlar yekun attestasiyadan keçirilir və onlara müvafiq dövlət sənədi olan attestat verilir.
Müxtəlif səbəblərdən ümumi təhsil pilləsini başa vurmayan şəxslərə isə arayış verilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:47 / 14.02.2023
İnklüziv təhsilin təşkili qaydası təsdiqləndi
Hazırda oxunan: İnklüziv təhsilin təşkili qaydası təsdiqləndi
Hazırda oxunan: İnklüziv təhsilin təşkili qaydası təsdiqləndi
120346
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.