Tərcümeyi-halım...

Hazırda oxunan: Tərcümeyi-halım...

119874
Atamdan qopan mənim ilk ünvanım anam oldu. Anam da özünü məndən qoparanda Azərbaycan adlı məmləkətin yeni ünvanına ağlaya-ağlaya gəldim.Axı ağlamaq hər bir insanın fitrətindədi.Əks halda yer üzünə gülə-gülə gələrdik. Gülmək, sevinmək sonradan qazanılan vərdişdir ki, o da hər fərdə, hər millətə nəsib olmur. Adətən nağılları nənələr danışar deyillər. Mənə isə babam danışardı. Göydən düşən alma payımı istəyəndə mənə ayı götərər və deyərdi:
- Sənindi. Ulduzlara ilişib qalıb, yerə düşmür.
- Bəs parası hanı baba ?
- Divlər yeyib.
- Bəs divlər kimdi, baba ?
- Onlar azmanlardı.
Babamla aramda olan bu sual-cavabı səbəbsiz xatırlamadım.
Böyüdüm...Mənim olan Azərbaycanımın yarı parasına məxsusluğumu bildim. Sonra Xəzəri tanıdım. Oğuz- Hun ( Quzğun ) dənizini.
Sən demə, büsbütün mənim olan dənizimə də haqqım para çatırmış. Bayrağımdakı para Ay mənə para məmləkətimi ( İrəvanı, Təbrizi, Borçalını, Kərkükü, Dərbəndi ), para dənizimi, para çaylarımı xatırladır. Adlarını çəkdiyim bu ərazilər bayrağımdakı ayın görünməyən parasıdır.
Babam dediyi kimi heç də bunları divlər yeməyib. Bu mahallar başbilənlərimizin əl-ayağına dolaşıb.
Borçalı Nadir şahın ayağına ilişib, bizdən qopub, qonşu gürcülərə qalıb. Arazı paraya çevirənlərə dilmanclıq edən də bizimdi. Abasqulu Ağa Bakıxanovu deyirəm. İrəvan və ətrafı Məmməd Əmin Rəsulzadənin qələminə dolaşıb.
Görəsən, "ecaskar" bir qüvvəyə malik olan bu qələm nadir eksponat kimi qalırmı. Axı bu övladımız-Məmməd Əmin Rəsulzadə Qafqazda qonaq qiyafəsində olan erməniləri bizə qonşu etdi. Görəsən, o zamankı ümummilli liderimizin " Bir qələm iki dövlət " şüarı olubmu. "Bəlkə"siz olub.
Biz ki, itirdiklərimizi dəbdəbəli şüarlarla pərdələməyə xa0meyilliyik.
Nəriman Nərimanov Qafqazın Lenini olmaq üçün əl-ayağına dolaşan Zəngəzuru qonşu torpağı etdi. Bundan vəcdə gələn dövrünün ümummilli lideri " Yaşasın erməni Türk dostluğu" şüarına söykənərək əməlinə haqq qazandırdı. Sən demə, ermənilərə "dostluğ"umuzu sübut etmək üçün yenidən torpaq verməliymişik.
Əbdülrəhman Vəzirov şəxsi dostluğunu sübut etmək naminə A.Volskiyə Qarabağın idarəçiliyini vermədimi...Deyilənə görə, mal-qaralarlna örüş yerinin olmaması bəhanəsi ilə ermənilər K.Bağırovdan da torpaq alıblar. O da "dostlu"ğunu bu yol ilə sübut edə bilib.
Hələ ki, bizim olan Bakının, Qubanın, Gəncənin, Naxçıvanın, Lənkaranın, Qarabağın daha neçə-neçə obamızın nə vaxtsa əl-ayağımıza dolaşacağı hissi mənə rahatlıq vermir.
Mən bu gün siyasi arenada özümüzü futbol meydançasındakı topa bənzədirəm. Hesabda irəli çıxmaq üçün GÜC MƏRKƏZLƏRİ bu topu bir-birilərinin qapısına doğru qovmaqdadırlar. Bu həyatda top qovan məmləkət olmasaq da heç olmasa ayaq altında qalan top da olmayaydıq.
Bu da mənim tərcümeyi-halım. Əslində indiki qlobal dünyada birliyə, bütövlüyə, bütünlüyə daha çox ehtiyac olduğu halda özümü millətimdən ayırmadım. Tarixlərin yaddaşında qalan dünənimi və bu günümü ifadə edən tərcümeyi-halımın bir parasını yazdım.
Əziz oxucum, bu həm də Sənin tərcümeyi-halındır.
xa0
Hikmət NİKBİN
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin