Azərbaycanda qadınlar hərbi xidmətə çağrıla bilərmi? – ARAŞDIRMA  

Hazırda oxunan: Azərbaycanda qadınlar hərbi xidmətə çağrıla bilərmi? – ARAŞDIRMA  

119712

Dünyanın bir çox ölkələrində qadınlar da kişilərlə birlikdə ordu sıralarında qulluq edirlər. Dünya ölkələrinin ordualarına nəzər salsaq görərik ki, orduda xidmət edən qadınların faiz nisbətinə görə Fransa (22%), Macarıstan (20%), ABŞ (19%) ön sıralarda qərarlaşıb.

Son olaraq Ermənistan da qadınların hərbi xidmət keçməsi ilə bağlı qanunvericilikdə bir sıra dəyişikliklər edib. Bu ilin qış çağırışından etibarən Ermənistanda qadınlar könüllü şəkildə ordu sıralarında xidmət edə biləcəklər.

Ermənistan müdafiə naziri Suren Papikyanın sözlərinə görə, qadınlar üçün könüllü hərbi xidmətə dair layihə artıq idarələrarası müzakirələr mərhələsindədir.
Bəs, qadınların hərbi xidmət keçməsi ilə bağlı Azərbaycanda vəziyyət necədir?    

Bizim.Media-nın araşdırmasına görə, qadınların Azərbaycan ordusunda xidmət keçməsi üçün tələblər və müddəalar “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası qadın vətəndaşlarının hərbi uçot ixtisaslarının Siyahısı”nda öz əksini tapıb.

Müvafiq qanunvericiliyə əsasən, qadınların ordu sıralarında qulluq etməsi bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın hallarına aid edilir və könüllülük əsasında baş tutur.

Belə ki, hərbi qeydiyyatda olmayan qadınlar özlərinin razılığı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və ya bölməsi tərəfindən hərbi qeydiyyata götürülürlər. Hərbi qeydiyyata götürülmüş Azərbaycan Respublikasının qadın vətəndaşlarına hərbi bilet verilir.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası qadın vətəndaşlarının hərbi uçot ixtisaslarının Siyahısı”na əsasən, hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycanın qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə qəbul edilirlər.

Qanuni prosedura əsasən, qadınların hərbi xidmət keçməsi ilə bağlı bağlaşma (müvafiq sənəd) hər iki tərəf imzaladıqdan sonra qüvvəyə minir.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsində isə qadınların müddətdən artıq həqiqi hərbi xidmət keçməsi qaydaları öz əksini tapıb. Sözügedən müddəaya əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə ən azı ümumi orta təhsili olan, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış 19 yaşından 40 yaşınadək qadınlar qəbul edilir.

Qadınların gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə qəbulu üçün isə ən azı tam orta təhsilin olması tələbi qeyd olunub.

Azərbaycan Silahlı Qüvvələrində xidmət edən qadınların sayını öyrənmək üçün Müdafiə Nazirliyinə müraciət etsək də, qurumun mətbuat xidməti sözügedən sayla bağlı ictimaiyyətə açıqlamanın verilmədiyini bildirib.

Xatırladaq ki, tarixən də Azərbaycan xalqının Züleyxa Seyidməmmədova, Leyla Məmmədbəyova, Ziba Qəniyeva, Dürrə Məmmədova, Səidə Vəzirova, Raifə Həsənova kimi döyüş yolu keçən qəhrəman qadınları olub.

Müstəqillik illərində Azərbaycan qadınlarının ordu sıralarında fəal iştirakı, kişilərlə çiyin-çiyinə döyüşməsi ilə bağlı kifayət qədər faktlar var. I Qarabağ savaşı dönəmində, 1992-ci ildə qadınlardan ibarət batalyon da yaradılmışdı.
Bununla yanaşı, 44 günlük Vətən müharibəsində çavuş, hərbi feldşer Arəstə Baxışova Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin sərəncamı ilə o, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. 

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin