Ömrümün dörd ilini bu şəhərdə yaşadım: Rusiyanın Kaluqa vilayətinin Balabanovo şəhərində. Söhbət 2005-ci ildən gedir. Balabanovo şəhərinin yaxınlığında isə Borovsk şəhəri yerləşirdi və hansı ki ikininci dünya müharibəsi dövründə almanlar bura qədər gəlib çıxmışdılar. Yaşadığım şəhərin paytaxt Moskva ilə 90 kilometr arası var idi.
Balabanovo şəhərinin Moskovski küçəsində əslən Gəncə şəhərindən olan rus qadının evində kirayə yaşayırdım. Burada yaşayan həmyerlilərimizin demək olar ki, hamısı bir-biri ilə tanış idi. Bizim binadan iki bina o yana Vəli dayı adlı yaşlı həmyerlimiz yaşayırdı.
Burada yaşayan bütün həmyerlilərimiz ağsaqqal kimi Vəli dayının xətrin çox istəyirdilər. Vəli dayı gəncliyində bu şəhərə hərbi xidmətə gəlibmiş və elə o, vaxtı həyat yoldaşı Raya xanımla tanış olub evləniblər.
Vəli dayının soy adı Allahverdiyev idi və ruslar ona "Allaxverdiyev”x9d ”“ deyə müraciət edirdilər. Özünün dediyinə görə artıq yaşı 70-i haqlamışdı. Vəli dayının iki oğlu var idi və hətta böyük oğlunun 18 yaşında qızını da tanıyırdım. Qara saçlı qız idi. Baxan kimi hiss edirdin ki, rus deyil. Həftə sonları şəhərimizdə yerləşən "Non stop”x9d adlı diskotekada istirahət edəndə çox vaxtı onunla rastlaşırdım.
Adı Yekatirina idi, amma qısaca olaraq "Katya" deyirdilər. Diskotekada elə ki, qafqaz mahnısı oynayırdım, Katya öpüşdüyü oğlanın qucağından çıxıb tez cumurdu səhnəyə və biz iki həmyerli ləzdinka rəqsi ilə rusları heyrətə gətirirdik. Adama yad torpaqda ağır gələn odur ki, sənin millətindən olan bir qız, sabah hansısa rusun altına yıxılacaq. Amma əlindən nə gəlir ki, heç nə...
Vəli dayının kiçik oğlu isə "alkaş”x9d idi. Özü kimi bir "alkaş”x9d qızla da evlənmişdi. Balaca körpə uşaqları var idi. Bir neçə dəfə də həbsə düşmüşdü.
Bir gün xəbər gəldi ki, Vəli dayının vəziyyəti pisdi. Biz ora gedəndə Vəli dayı artıq dünyasını dəyişmişdi. Bəli, Vəli dayı bu torpaqda dünyasını dəyişən birinci həmyerlimiz deyildi. Fikirləşirdim ki, onu vətənə yola salacaqlar və öz torpağımızda dəfn ediləcək. Amma ailəsi dedi ki, o öz yaxınlarından çoxdan incik düşüb. Deyib ki, mən ölsəm, burada dəfn edin.
Azərbaycalılar yığışıb dedilər ki, Vəli dayı burada dəfn edilsə də, bizim adət-ənənəmiz var: gərək onu kəfənə büküb dəfn edək. Ailəsi isə buna icazə vermədi və Vəli dayı russayağı dəfn edildi. İndi o illərdən on bir il ötür və Vəli dayı xatirimdə russayağı dəfn edilən bir azərbaycanlı kimi qalıb.
Vasif Əlihüseyn



































































































