İsrafil ağanın viran qalmış EVİ – Plana düşüb, amma... - FOTO

Hazırda oxunan: İsrafil ağanın viran qalmış EVİ – Plana düşüb, amma... - FOTO

119383

Bir vaxtlar Qazax mahalının ən məşhur ağalarından, xeyriyyəçi insanlarından olan, günümüzə qədər öz alicənablığı və insanpərvərliyi ilə seçilən İsrafil ağa Kərbalayevin evi Ağstafanın Qıraq Kəsəmən kəndində yerləşir.  

İsrafil ağa Oruc oğlu Kərbəlayev 1866-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən, indiki Ağstafa Rayon Qıraq Kəsəmən kəndində varlı bəy ailəsində anadan olub. O, yeniyetmə vaxtlarından qorxmaz, mərd, döyüşkən bir bəy oğlu kimi böyük hörmət qazanmışdı.

Qıraq Kəsəmən kəndinin ağası olduqdan sonra isə gördüyü işlərlə nəinki öz kəndində, hətta bütün Qazax qəzası, Borçalı Göyçə mahaları, Gəncə və İrəvan quberniyalarında böyük nüfuz qazanmışdır.

İsrafil Ağa Qıraq Kəsəmən kəndinin sakinlərinin malına və canından həmişə muğayat olar, kənddə çoxlu xeyriyyəçilik və abadlıq işləri görərdi. O, öz vəsaiti hesabına Qazaxda qədim hamam, Cümə məscidi və 3 nömrəli məktəbin binasını tikdirib. 

İsrafil Ağa kəndə ara sıra basqınlar edən erməni və gürcü oğru dəstələrinin qarşısını alar, onların kəndə girib əhalinin malını, mülkünü talamağa imkan verməzdi. Deyilənə görə onun xəbəri və icazəsi olmadan hətta bir çar məmuru belə kəndə gələ bilməzdi. Kovxası olduğu kəndin vergisini həmişə özü ödəyərdi.

Əvizində isə kənd sakinlərindən mal-pul yox bir-biri ilə mehriban dolanmağı və oğurluq etməməyi tələb edərdi. Buna riayət etməyənləri isə cəzalandırardı.

İsrafil ağa Kərbalayev XIX əsrin sonlarında, kəndin lap ucqar yerində ev inşa etdirib. Kəndin sakinləri söyləyir ki, evin inşası üçün Tiflisdən xüsusi memar qrupu kəndə dəvət olunub. Qırmızı kərpicdən tikilən ev 3 otaqdan, iki eyvandan ibarət olub. Ev həmin dövrdə kirəc və əhəng suyunun qarışığı ilə tikilib. Bu, o dövrdə bahalı tikinti üsulu sayılırdı.

Sovet hakimiyyəti qurulduqdan sonra tikilidən tibb məntəqəsi, kitabxana, klub kimi istifadə edilib. Binanın qara günləri isə ötən əsrin 60-cı illərində, yaxınlıqda su elektrik stansiyası tikiləcəyi bəhanəsi ilə sakinlərin kənar əraziyə köçürülməsindən sonra başlayıb.

XIX əsrin tikililərindən olan və bu günümüzə qədər gəlib çıxan İsrafil ağanın evi indi çox bərbad vəziyyətdədir.

Sakinlər bu binanın uçüq vəziyyətdə olmasını tarixi abidəyə etinasızlıqla əlaqələndirirlər. Onların bildirdiyinə görə İsrafil ağanın evi yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır. Qıraq Kəsəmənlilər hesab edir ki, tarixi bina tam bərpa olunsa, XIX əsrin abidəsi kimi yerli turizmin inkişafına da təkan verə bilər.

İsrafil ağanın evinin bərpası ilə bağlı Bizim.Media-nın yerli bürosunun Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə göndərdiyi sorğuya da cavab olaraq bildirilib ki, tarixi abidənin bərpaya ehtiyacı var:

“Hazırda Dövlət Xidməti tərəfindən həmin evin bərpa olunaraq yenidən istifadə olunması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. Bu məqsədlə tarixi evin bərpa olunması üçün investisiya planına salınıb. Eyni zamanda “Tarix və Mədəniyyət Abidələrinin Qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən abidələrin qorunması, öyrənilməsi, bərpası və konservasiyası dövlət büdcəsindən və yerli büdcələrdən ayrılan vəsaitlərlə yanaşı, fiziki və hüquqi şəxslərin maliyyə yardımları, ianələri hesabına da həyata keçirilə bilər.

Dövlət Xidməti tərəfindən belə tarixi tikililərin qanunvericilik çərçivəsində bərpa edilərək istifadə edilməsi istiqamətində təşviqat işləri aparılır. İsrafil ağanın evinin də bu çərçivədə bərpası istiqamətində tədbirlər görülməkdədir”.
Məlumat üçün bildirək ki, zaman keçdikcə bina hər gün bir az uçur və hazırda tavansız, ayna-qapısız qalan ev bir müddət də baxımsız qalsa və bərpa olunmasa təmamilə uçub dağılma təhlükəsi var.








Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin