Son zamanlar zəlzələ hadisələri aktiv fazaya daxil olub. Türkiyə və Suriyada baş verən zəlzələ bir daha göstərir ki, yaşadığımız region seysmik baxımından aktiv zonada yerləşir. Ona görə də bir neçə il bundan əvvəl Azərbaycanda zəlzələlərin öyrənilməsi və təxmin edilməsi işinə xüsusi diqqət yönəldilmişdi. Görəsən, hazırda bu istiqamətdə işlər nə yerdədir? Azərbaycan zəlzələni nə qədər öncədən müəyyən edə bilər?
Bizim.Media-ya açıqlamasında AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev bildirir ki, son illər Azərbaycanda dövlətin dəstəyilə 84 yerdə seysmoloji stansiyalar tikilib və tikilməkdədir:
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə zəlzələdə ölənlərin sayı 76-ya çatdı, 440 yaralı - FOTO/VİDEO
“Bu işə külli miqdarda vəsait ayrılır və ciddi işlər görülür. Seysmoloji stansiyaların qurulması böyük effekt verib və öz nəticəsini göstərir.
Onların mühüm bir hissəsi də Böyük Qafqaz sıra dağları zonasında quraşdırılıb. Ola bilsin növbəti mərhələdə azad olunmuş ərazilərimizdə də bir neçə seysmoloji stansiya tikilsin. Şuşa və Daşaltı ərazisində onların tikintisi gözlənilir. Azərbaycan da seysmoloji qurşaqda yerləşir. Dünyanın 3 seysmik qurşağın ən aktiv yerində yerləşirik. Ərazimiz dünyada ən çox zəlzələnin baş verdiyi zonalardan biridir. Təkcə seysmoloji stansiyaların tikilməsilə iş bitmir. Yaşayış binaları, ümumiyyətlə bütün tikinti sektorunda məsələyə ciddi fikir verilməlidir.
Zəlzələnin dəqiq vaxtını qabaqcadan demək mümkünsüzdür, amma yerin seysmoloji xarakterinə müvafiq olaraq Türkiyədə zəlzələnin olacağını barədə vaxtı ilə xəbərdarlıq etmişdilər. Bir neçə günə orada yenə təkanlar ola bilər.
Amma bütün bunlıara baxmayaraq, zəlzələnin olacağı barədə əvvəlcədən dəqiq nəsə demək mümkün deyil.
Sadəcə olaraq qanunauyğunluqlara və metodoloji stansiyaların rəqəmlərinə, hadisələri izləmənin xarakterinə, yeraltı qatlarda qüvvənin toplanmasına müvafiq olaraq zəlzələnin vaxtını təxmini müəyyən etmək olar”.
Rüfət Sultan, Bizim.Media