İTV: “Avroviziya 2023” üçün namizədin seçildiyi iddiası əsassızdır

Hazırda oxunan: İTV: “Avroviziya 2023” üçün namizədin seçildiyi iddiası əsassızdır

117938

İctimai Televiziya (İTV) “Avroviziya 2023” mahnı müsabiqəsinin qalibinin guya seçilməsi ilə bağlı yayılan şayiələri təkzib edib. 

Bizim.Media xəbər verir ki, bu barədə nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova məlumat verib. 

İ. Dadaşova bildirib ki, seçim mərhələsinə qatılmış bəzi ifaçıların şəxsi sosial səhifələrində son iki gündə yaydıqları iddialar böhtan xarakterlidir:

“Əvvəla qeyd edim ki, bu iddialara cavab verməyimizin əsas məqsədi final mərhələsinə seçilən ifaçılara qarşı hörmətsizliyə biganə qalmamaqdır. Seçilmiş 5 iştirakçı təqdim etdiyi musiqi və ifası sayəsində bu mərhələyə çatıb. 

Tam yanlış olaraq artıq qalibin seçildiyi iddia edilsə də, bildiririk ki, final mərhələsi məhz bu günlərdə keçirilir və prosesin gedişatı barədə məlumatların tezliklə ictimaiyyətə açıqlanması nəzərdə tutulur. 

Seçim prosesinə mənfi təsir etməyəcək bütün məlumatları yaxın günlərdə paylaşacaq, finalçıların adlarını açıqlayacağıq. Bir az səbirli olmağınızı xahiş edirəm”. 

"Avroviziya 2023" Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri Eldar Qasımov bildirib ki, builki Avroviziya təmsilçimiz hələ bəlli deyil: “Bu qərar verilməzdən öncə yerli və beynəlxalq musiqi aləmindən təcrübəli insanların rəyləri öyrəniləcək. Sağlam rəqabəti təmin etmək üçün bütün finalçıların mahnılarını bir neçə gün əvvəl eyni studiyada, eyni şəraitdə yazdırmışıq”. 

Nümayəndə heyətinin rəhbəri Vasif Məmmədov isə qeyd edib ki, komanda üzvlərinin müsabiqəyə müraciət etmiş ifaçı və bəstəkarlarla tanışlığının seçim prosesinə heç bir təsiri yoxdur:

“Eldar Qasımov və Ömər Əbdülkərimov illərdir musiqi sahəsində çalışırlar və onların bu sahədə həm dostları, həm yaxın həmkarları var. Bu, təbii haldır. Amma qeyd etməliyəm ki, “Avroviziya” heyətinin üzvlərindən heç biri müsabiqədə iştirak edən hər hansı ifaçının meneceri deyil və olmayıb”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin