Bakıda şam ağacları niyə quruyur? – BŞİH-dən RƏSMİ CAVAB

Hazırda oxunan: Bakıda şam ağacları niyə quruyur? – BŞİH-dən RƏSMİ CAVAB

117403

Bakı şəhərində şam ağacları quruyur. 

Bundan əvvəl də ölkəmizin bir neçə regionunda şam ağaclarının kütləvi şəkildə sıradan çıxması haqqında yazmışdıq. Doğru-düzgün bir izahat verilməsə də səbəblərin araşdırılacağına söz verilmişdi. Bakıda da artıq bu halın baş verməsi kifayət qədər təhlükəlidir. Onsuz da yaşıllığın az olduğu paytaxtımız üçün şam ağaclarının quruması ciddi fəsadlara yol aça bilər.

Mövzu ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən Bizim.Media-ya verilən məlumata görə, dövlət qurumlarını, ictimaiyyəti və sakinləri narahat edən bu məsələ ilə əlaqədar artıq bir müddətdir ki, Bakı Şəhər İcra Hakimiyyətində aidiyyəti qurumların nümayəndələrinin, alim və mütəxəssislərin iştirakı ilə müşavirə və görüşlər keçirilib.

Bakıya xarici ölkələrdən alimlər, həmçinin BMT Ərzaq və Kənd Təsərrüfatı təşkilatının mütəxəssisləri dəvət edilib. Həmin alim və mütəxəssislər paytaxt ərazilərində bir sıra yerlərdə araşdırmalar da aparıblar. 

Məlumatda qeyd olunub ki, əsasən yaşı 40-45 il olan şam ağaclarında müşahidə edilən xəstəliklərin aradan qaldırılması ilə bağlı işlərdə yerli alimlər də iştirak edir. Belə ki, Mərkəzi Nəbatat Bağının alimlərinin iştirakı ilə ağacların müalicəsi məqsədi ilə təcrübələrə başlanılıb, onun fəsadlarının aradan qaldırılması yolları, yerli və xarici mütəxəssislərin təklifləri müzakirə edilir.

Qeyd olunub ki, şam ağaclarında müşahidə edilən bu xəstəlik digər dövlətlərdə də qeydə alınıb: 

“Xəstəliklə mübarizə tədbirləri çərçivəsində yerli alimlərin apardığı təcrübələr davam edir. Təcrübə çərçivəsində Mərkəzi Nəbatat Bağında xəstəliyə yoluxan 12 ədəd Eldar şamının 3 müxtəlif üsulla peyvəndlənməsi aparılıb. Bu aylar ərzində ağaclarda baş verən müsbət dəyişikliklər araşdırılacaq, hansı peyvənd uyğun olarsa, şam ağaclarında kütləvi peyvəndləmə aparılacaq”.

İcra hakimiyyətindən verilən məlumatda o da bildirilib ki, müalicəsi mümkün olmayan ağaclar kəsilərək utilizasiya edilir: 

“Ötən il ərzində kəsilərək utilizasiya edilən ağacların sayı 3 mindən çox olub. Bu il də proses davam edir”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin