“400 manat maaşla zorakılığa məruz qalmış insanlara xidmət etmək absurddur” – Kəmalə Ağayeva

Hazırda oxunan: “400 manat maaşla zorakılığa məruz qalmış insanlara xidmət etmək absurddur” – Kəmalə Ağayeva

117154

“Bu gün 400 manatdan ötrü əziyyət çəkib yetişdirdiyim kadrları itirmək məcburiyyətində qalıram. Sosial işçimiz, 800 manat verirlər deyə, gedib gecə növbəsində çörək bişirmək istədiyini deyir. Kadr yetişdirirəm, təlimlərə göndərirəm, formalaşdırıram, sonra da 400 manat vəsaitə görə bu kadrı itirmək məcburiyyətində qalıram”.

Bunu Bizim.Media-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacaq Mərkəzinin rəhbəri Kəmalə Ağazadə deyib.

Kəmalə Ağazadə hazırda sığınacaqla bağlı yaşadıqları problemləri dilə gətirib: 

“Bu gün sığınacaqla bağlı problemlərimiz çoxdur. Ən böyük problemlərimizdən biri odur ki, torpaq alsaq da, sığınacaq üçün bina tikə bilmirik. Kadr problemimiz var. Bu gün 40-50 uşağa xidmət göstərmək üçün bir sosial işçi, bir psixoloq, hüquqşünas kifayət etmir.
Sığınacaq üçün davamlı olaraq dövlət qurumları tərəfindən ayrılan vəsait olmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələyə baxmalıdır. Biz onlara müraciət etdik. Nazirlikdən qida, dərman, geyim istəmədik... Sadəcə əməkdaşlarımız üçün ştat vahidi verilməsini istədik ki, bu yolla peşəkar əməkdaşlarımızın sayını artıra bilək”. 

Birlik rəhbəri vurğulayıb ki, qurum Əmək və Əhalinin Soasial Müdafiəsi Nazirliyi yanında Məişət zorakılğı qurbanlarına xidmətin göstərilməsi üzrə akkreditasiyadan keçsə də, yaşadıqları çətinliklərin aradan qaldırılması üçün çox böyük problemlərlə qarşılaşırlar:

“Profilaktik tədbirlər problemin qarşısını qismən alsa da, zorakılıq problemi hər zaman olub və olacaq. Ona görə də sığınacaqlara hər zaman ehtiyac olacaq. Bu, bütün dünyada var. Onların idarə olunmasına baxanda görürük ki, sığınacaqlar, günərzi qayğı mərkəzləri hamısı dövlət tərəfindən yaradılır və qeyri-hökumət təşkilatları tərəfindən idarə olunur.
Bu hal yalnız Avropad deyil, bütün dünyada belədir. ABŞ-da bu sahənin təcrübəsini öyrəndim. Dövlət qurumlarının QHT-lərlə hansı formatda çalışdığını gördüm. Hələ maliyyə mənblərini bir kənara qoyuram. Nə üçün biz beynəlxalq təşkilatlardan asılı olmalıyıq? Nə üçün öz büdcəmizlə formalaşmamalıyıq? Bu məsələnin həlli bütün tərəflər üçün faydalı ola bilər”. 

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin