Rövşən Rzayev Britaniyalı səfirlə qaçqınların problemlərinin həllini MÜZAKİRƏ ETDİ 

Hazırda oxunan: Rövşən Rzayev Britaniyalı səfirlə qaçqınların problemlərinin həllini MÜZAKİRƏ ETDİ 

117061

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Ouldla görüşüb. 

Bu barədə Bizim.Media-ya Dövlət Komitəsindən məlumat verilib. 

Bildirilib ki, Dövlət Komitəsinin sədri Azərbaycana təyinat alması və fəaliyyətə başlaması münasibəti ilə səfiri təbrik edib, ona uğurlar arzulayıb.

Səfirə Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, onların problemlərinin həlli istiqamətində həyata keçirilən dövlət tədbirləri haqqında ətraflı məlumat verilib.  
Prezident İlham Əliyevin bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsinə, yaşayış şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına xüsusi diqqət yetirdiyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədəki təşəbbüslərinin böyük əhəmiyyət daşıdığı bildirilib. Humanitar fəlakətlə üzləşdiyi dövrdə ölkəmizə beynəlxalq təşkilatların dəstək və yardım göstərməsi minnətdarlıqla qeyd edilib. 

Xatırladılıb ki, 2020-ci ildə Ermənistanın işğalına son qoyulmasından, torpaqlarımızın işğaldan azad edilməsindən sonra məcburi köçkünlərin doğma yurda geri qayıdışına imkan yaranıb.

Bu prosesin könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə aparılması üçün zəruri tədbirlər görülür.  

Müvafiq dövlət proqramı qəbul edilib, bərpa və yenidənqurma işləri həyata keçirilir. Bununla belə, işğaldan azad edilmiş ərazilərdə hələ də mina təhlükəsinin qalması, ağır nəticələrə və insan tələfatına səbəb olması qayıdışın sürətləndirilməsini əngəlləyir. Minaların təmizlənməsinə Böyük Britaniya hökumətinin də dəstək verməsindən məmnunluq ifadə olunub. 

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Ould səmimi qəbula görə təşəkkür edib. Fəaliyyəti dövründə birgə əməkdaşlığın genişləndirilməsi, qaçqın və məcburi köçkünlərlə bağlı layihələrin hazırlanıb həyata keçirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib. 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin